UNESCO-nun Ümumdünya İrsi Komitəsi Koreya Respublikasının Busan şəhərində keçirilən iclasında Yaponiyanın Nara prefekturasında yerləşən Asuka dövrünə aid arxeoloji abidələr kompleksinin Ümumdünya Mədəni İrsi Siyahısına daxil edilməsi barədə qərar qəbul edib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS agentliyinə istinadən Yaponiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Yeni irs obyekti "Asuka və Fudzivara saray paytaxtları" adlandırılıb. Kompleks əsasən Asuka kəndində, həmçinin Kasıhara və Sakurai şəhərlərinin ərazisində yerləşən, VI əsrdən VIII əsrin əvvəllərinədək olan dövrə aid 19 tarixi abidəni əhatə edir.
Abidələr sırasında İmperator Temmunun iqamətgahının yerləşdiyi ehtimal olunan Asuka sarayının qalıqları, eləcə də zəngin rəngli freskaları ilə məşhur olan Takamatsudzuka kurqanı da yer alır.
Bu qərardan sonra Yaponiyanın UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilmiş mədəni və təbiət abidələrinin sayı 27-yə yüksəlib. Həmin siyahıya Fudzi dağı da daxildir.
