Yer kürəsində yaxın 24 saat ərzində maqnit qasırğasının baş vermə ehtimalı 75 faiz qiymətləndirilir.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiyanın "Fobos" Hava Mərkəzi məlumat yayıb.
Mərkəzin məlumatına görə, proqnoz modelləri Günəş küləyinin sürətinin saniyədə 600 kilometrə və daha yüksək həddə çata biləcəyini göstərir. Belə şəraitdə geomaqnit sahəsində baş verəcək dəyişikliklər zəif (G1) və orta səviyyəli (G2) maqnit qasırğasına səbəb ola bilər.
Mütəxəssislər bildiriblər ki, mümkün maqnit qasırğasının səbəbi iyulun 30-da Günəşdə baş vermiş tac kütləsi atılması (CME) ola bilər.
Qasırğanın yaxın gecənin ikinci yarısında başlaması gözlənilir. Onun 6-9 saat davam edəcəyi ehtimal olunur.
"Fobos" Hava Mərkəzi qeyd edib ki, maqnit qasırğası səviyyəsinə çatmayan geomaqnit aktivliyi bazar gününün sonunadək, həmçinin bazar ertəsi gününün birinci yarısında da davam edə bilər.