ABŞ-nin "Blackstone" investisiya şirkətinin vitse-prezidenti Aleksandr Kromi və onun xanımı Mari Ebert Yunanıstanda baş vermiş helikopter qəzasının qurbanı olublar.
Oxu.Az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Məlumata görə, Yunanıstanın Sifnos adasında helikopterin qəzaya uğraması gənc britaniyalı ailənin, eləcə də hava gəmisinin pilotunun ölümü ilə nəticələnib.
Bildirilir ki, hava nəqliyyatı vasitəsi eniş zolağına çatmağa bir neçə metr qalmış yerə çırpılıb. Hazırda bu ağır qəzanın dəqiq səbəblərini müəyyən etmək üçün müvafiq araşdırmalar davam edir. Yerli sakinlərin ifadələrinə əsasən, hadisədən az öncə helikopterin mühərriki qəribə səslər çıxarıb.
Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı yaydığı rəsmi bəyanatda bildirilir:
"Bu çətin günlərdə dünyasını dəyişənlərin ailə üzvlərinə dərin hüznlə başsağlığı veririk. Tərəfimizdən tələb olunan bütün konsulluq yardımları təmin edilir və biz Yunanıstan rəsmiləri ilə fasiləsiz təmasdayıq".