Qvineya Respublikası Fransanın müstəmləkə işğalına qarşı mübarizə aparmış qəhrəman Bokar Biro və onun üç silahdaşının kəllə sümüklərinin geri qaytarılması üçün Parisə rəsmi tələb irəli sürüb.
Oxu.Az xəbər verir ki, bu məlumatı Qvineyanın mədəniyyət, turizm və sənətkarlıq naziri Musa Moiz Sillaya istinadən RFI radiostansiyası yayıb.
Bokar Biro müasir Qvineya ərazisində mövcud olmuş və fransız müstəmləkəçilərə qarşı sonadək dirəniş göstərən Futa-Callon teokratik dövlətinin sonuncu almamisi (dini və siyasi rəhbəri) olub. 1896-cı ildə işğalçılarla döyüşdə ordusu məğlub olduqdan sonra Biro əsir götürülərək boynu vurulub, kəlləsi isə Fransaya aparılıb. Qvineya hökuməti Biro və əshabələrinin kəllə sümüklərinin hələ də Fransa ərazisində saxlanıldığına dair son təsdiqlərdən sonra onların qaytarılmasını mütləq şəkildə tələb edib.
Bir müddət əvvəl Konakri rəhbərliyi müstəqil Qvineyanın ilk prezidenti Əhməd Seku Turenin əcdadı və antikolonial hərəkatın digər liderlərindən biri olan Samori Turenin şəxsi sənədlərinin Parisdən geri alınmasına nail olmuşdu.
Ötən ilin sentyabr ayında isə Madaqaskarın müraciəti əsasında Fransa 1897-ci ildə fransız müstəmləkəçilər tərəfindən qətlə yetirilmiş sakalava etnik qrupunun hökmdarı kral Tueranın kəllə sümüyünü və digər malaqasi artefaktlarını Antananarivuya qaytarmışdı.