Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Kir Starmer ilə mühüm ikitərəfli görüş keçirib. Görüş zamanı təhlükəsizlik zəmanətləri, dron istehsalına investisiyalar və hərbi dəstəyin artırılması imkanları müzakirə edilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Zelenski öz "Telegram" kanalında paylaşım edib.
"Böyük Britaniyanın baş naziri Kir Starmer ilə yaxşı, faydalı görüş. Mövqelərimizi koordinasiya etməyə davam edirik", - deyə o bildirib.
"Dünən bütün tərəfdaşlarımızla birlikdə ikitərəfli formatda Alyaskadakı görüşdən gözləntilərimizi və mümkün perspektivləri müzakirə etdik. Həmçinin kifayət qədər ətraflı şəkildə təhlükəsizlik zəmanətlərini də müzakirə etdik ki, ABŞ Rusiyanı qətlləri dayandırmağa və real mənalı diplomatiyaya cəlb etməyə nail olarsa, bu zəmanətlər, həqiqətən, daimi sülhün bərqərar olmasına imkan verəcək. Vacibdir ki, biz hamımız birlikdə arzu edənlərin koalisiyası çərçivəsində təhlükəsizlik işi üzrə effektiv formatlara nail ola bilək", - deyə Volodimir Zelenski qeyd edib.
Onun sözlərinə görə, eyni zamanda, Ukrayna ordusuna və müdafiə istehsalına dəstək proqramlarının davam etdirilməsi də müzakirə mövzusu olub.
"Vəziyyətin gedişatı üzrə istənilən ssenaridə Ukrayna güclü olaraq qalacaq. Kir ilə həmçinin PURL proqramı kimi silah tədarükü yolları haqqında da danışdıq və mən ingilisləri qoşulmağa dəvət etdim. Əlbəttə ki, bizim yüzillik müqaviləmizi də müzakirə etdik. Ukrayna artıq avqustda onu ratifikasiya etməyə hazırlaşır və nəticədə biz Ukrayna-Britaniya geniş formatda görüş keçirə biləcəyik", - deyə Ukrayna lideri əlavə edib.
"Ayrıca və vacib bir gündəm isə bizim dron istehsalımıza investisiya qoyuluşudur. İstehsal həcminin artırılması üçün əhəmiyyətli potensial var və bunun üçün təcili şəkildə maliyyələşməyə ehtiyacımız var. Məhz dronlar ön xətdə həlledici rol oynayır. Ukraynanın onları istehsal etmək imkanları heyrətamizdir. Ona görə də belə istehsala investisiya qoymaq, həqiqətən, strateji səviyyədə vəziyyətə təsir göstərə bilər. Biz bu məsələdə Britaniya və bütün tərəfdaşlarla işləyirik. Kirə dəstəyinə görə təşəkkür edirəm!" - deyə Volodimir Zelenski vurğulayıb.