"Ukrayna üçün Rusiya ilə müharibədə qələbə bütün ərazinin işğaldan azad edilməsi deməkdir, amma bu, gələcəyin məsələsidir, bu gün bunu etmək mümkün deyil".
Oxu.Az-ın xəbərinə görə, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski BBC telekanalına müsahibəsində deyib.
O bildirib ki, indi bunu etmək çox baha başa gələr:
"Biz bunu edəcəyik. Bu, tamamilə aydındır. Yalnız zaman məsələsidir. Bu gün bunu etmək çox sayda insanın - milyonlarla insanın itirilməsi demək olardı, çünki Rusiya ordusu böyükdür və biz bu cür addımların əvəzinin nə olacağını başa düşürük. Bizim kifayət qədər insanımız olmayacaq, onları itirəcəyik. Bəs insansız torpaq nədir? Düzünü desəm, heç nə", - deyə Zelenski vurğulayıb.
Onun sözlərinə görə, başqa bir səbəb Ukraynanın kifayət qədər silahının olmamasıdır və burada çox şey onun tərəfdaşlarından asılıdır.
"Hazırda məsələ hava hücumundan müdafiə ilə bağlıdır. Bu, ən mürəkkəb problemdir. Təəssüf ki, tərəfdaşlarımız hələ də bizə "Patriot" sistemlərini və ya hətta mövcud sistemlərimiz üçün raketləri istehsal etmək üçün lisenziyalar verməyiblər. İndiyə qədər biz bu məsələdə uğur qazana bilməmişik", - deyə Zelenski qeyd edib.
Eyni zamanda, Ukrayna prezidenti əmindir ki, 1991-ci ilin ədalətli sərhədlərinə qayıtmaq həm Ukrayna, həm də bütün dünya üçün ədalətin qələbəsidir.
"Hesab edirəm ki, Putin üçüncü dünya müharibəsini artıq başladıb", - deyə Zelenski əlavə edib.
"Məsələ burasındadır ki, o nə qədər ərazini ələ keçirə bilər və onu necə dayandırmaq olar? Ona görə yox ki, Rusiya qalib gəlməli deyil, ona görə ki, Rusiya insanların seçdiyi həyat tərzini dəyişərək, dünyaya yeni həyat tərzini tətbiq etmək istəyir", - deyə Zelenski bildirib.
O, həmçinin qeyd edib ki, Ukrayna bu gün müharibənin qlobal münaqişəyə çevrilməməsi üçün çalışır.