İyulun 24-də keçiriləcək hərracda 105 dövlət əmlakı satışa çıxarılacaq.
Əmlak Məsələləri Dövlət Komitəsindən Oxu.Az-a verilən məlumata görə, bunlardan 23-ü səhmdar cəmiyyət, 37-si kiçik dövlət müəssisə və obyekti, 41-i qeyri-yaşayış sahəsi, dördü nəqliyyat vasitəsidir.
Prosesdə özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakları qiymət, yerləşdiyi ərazi, ümumi faydalılıq cəhətdən müxtəlifdir.
Yevlax, Zərdab, Salyan, Cəlilabad və digər regionlarda yerləşən səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Bu əmlakların nizamnamə kapitalının həcmi 9 min və 1 milyon manat intervalındadır.
Nəzərə çatdıraq ki, səhmdar cəmiyyətlər arasında “Salyan Broyler”, Beyləqan Sənaye Kombinatı, Yevlax Tikinti Servis var.
Prosesə çıxarılan kiçik dövlət müəssisəsi və obyektlərinin isə ümumi faydalı sahəsi 12 kv.m ilə 11 min kv.m arasında dəyişir.
Hərraca obyektlərlə bərabər markaları müxtəlif olan nəqliyyat vasitələri də çıxarılıb. Həmin avtomobillərin buraxılış illəri 2006, 2007, ilkin hərrac qiymətləri isə 1 min 600 ilə 19 min 300 arasındadır.
L.Ə.
www.oxu.az