İşini itirən şəxsə sığorta ödənişi almaq hüququnun müəyyən olunması üçün məşğulluq orqanına müraciət etməsi barədə SMS bildiriş göndəriləcək.
Bu barədə Oxu.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər.
Qeyd edək ki, müəssisənin ləğvi və ya ixtisar nəticəsində işini itirmiş və işsiz kimi qeydiyyata alınmış, azı üç il sığorta stajına malik olan şəxslərin işsizlikdən sığorta ödənişi almaq hüququ var.
Yəni, azı üç il sığorta stajı olan və işini itirdiyi günədək 24 ay ərzində 12 aydan çox sığorta stajı olan, işini itirdikdən sonra məşğulluq orqanında işsiz kimi qeydiyyata alınan şəxslər işsizlikdən sığorta ödənişi ilə təmin olunurlar.
Bu zaman həmin şəxslər itirdikləri orta aylıq əməkhaqqının sığorta stajı üç ildən beş ilə qədər olduqda 50 faizi, beş ildən 10 ilə qədər olduqda 55 faizi, 10 ildən çox olduqda 60 faizi qədər ödəniş alırlar.
Bundan başqa, azı üç il sığorta stajı olan, lakin işini itirdiyi günədək 24 ay ərzində 12 aydan az sığorta stajı olanlara isə altı ay müddətinə minimum sığorta ödənişi - aylıq 130 manat təyin edilir.
İşini itirənlərə sığorta ödənişi ilə bağlı SMS bildiriş göndəriləcək