Azərbaycanın energetika naziri Pərviz Şahbazov Rusiya Baş nazirinin müavini Aleksandr Novak ilə Rusiya Enerji Həftəsi çərçivəsində görüş keçirib.
Görüşdə Rusiyadan Azərbaycana neftin əks tədarükü üçün Tixoretsk-Bakı neft kəmərinin genişləndirilməsi imkanları müzakirə edilib.
Bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
“Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazovla görüşdə iki ölkə arasında neft-qaz, elektrik enerjisi və nüvə sektorlarında əməkdaşlığın genişləndirilməsi məsələləri qaldırılıb. Rusiya neftinin Azərbaycana əks tədarükü üçün Tixoretsk-Bakı neft kəmərinin genişləndirilməsi haqqında fikir mübadiləsi aparılıb”, - məlumatda deyilir.
Tərəflər Rusiyada idxalı əvəzləmə siyasəti çərçivəsində Rusiya və Azərbaycan şirkətləri arasında texnoloji əməkdaşlığın qurulması perspektivlərini də müzakirə ediblər.
Mənbə: TASS