Abşeron rayonunun Digah qəsəbəsində tar müəlliminin özünü öldürməsi ilə bağlı bəzi detallar məlum olub.
Mərhumun yaxınları Oxu.Az-a bildiriblər ki, Ə.Ağayev yaxın günlərdə Mədəniyyət Nazirliyi tərəfindən attestasiyadan keçmək üçün imtahan verməli imiş. O, həmçinin imtahandan keçməyəcəyini güman edirmiş və bu barədə yaxınlarına da deyibmiş. Günün ikinci yarısında isə müəllimin intihar etdiyi barədə məlumat yayılıb. Əlibaxış Ağayev son iki ayda gərgin və fikirli görünürmüş. Dünən səhər saatlarında o, işlədiyi musiqi məktəbində tar dərsi keçib.
Həmçinin qeyd olunub ki, Ə.Ağayevin həm kredit, həm də aliment borcu olub. Həmin borcları ödəyə bilməkdə çətinlik çəkən müəllim boş vaxtlarında qəsəbə ərazisində aparılan fərdi tikinti sahələrində fəhləlik də edirmiş.
Abşeron rayonunda intihar hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Digah qəsəbəsində baş verib. Qəsəbə sakini, 1988-ci il təvəllüdlü Əlibaxış Ağayev mayın 2-də axşam saatlarında özünü yaşadığı evdə asıb. Onun meyiti ailə üzvləri tərəfindən aşkar edilib.
Məlumata görə, Ə.Ağayev Mehdiabad Musiqi Məktəbində tar müəllimi olub. İki azyaşlı övlad atası olan müəllimin külli miqdarda kredit borcunun olduğu deyilir.
Məlumatda o da bildirilir ki, Ə.Ağayev yaxın günlərdə Mədəniyyət Nazirliyi tərəfindən attestasiyadan keçmək üçün imtahan verməli imiş.
Aqil Vəlili