Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bakıda yaşayış binasında yanğın baş verib
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Mirzə Davud küçəsində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Oxu.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 1000 kvadratmetr olan, taxta konstruksiyadan ibarət ikimərtəbəli yaşayış binasında baş vermiş yanğın genişlənməsinə, həmçinin qonşu mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində binanın ikinci mərtəbəsində yerləşən sahəsi 56 kvadratmetr olan üçotaqlı mənzilin mətbəxi 12 kvadratmetr və dam örtüyünün yanar konstruksiyaları 50 kvadratmetr sahədə yanıb.
Mənzilin və dam örtüyünün qalan hissəsi, qonşu mənzillər yanğından mühafizə olunub.
Oxu.Az-ın sorğusuna cavab olaraq, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib ki, yanğında xəsarət alan qeydə alınmayıb.
"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə fevralın 13-də saat 13:00-da Xətai rayonunda yerləşən 2 mərtəbəli yaşayış binasında yanğın baş verməsi səbəbi ilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub", - deyə məlumatda bildirilib.
