Yasamal rayonu, 593-cü məhəllə, Həsənbəy Zərdabi küçəsi, 72 ünvanında yerləşən "Elit" və "3 Tac" yaşayış komplekslərinin həyətində təhlükəli vəziyyət iki ildir davam edir.
Oxu.Az-a müraciət edən sakinlər bildirirlər ki, iki il əvvəl şəxsi vəsaitləri hesabına qeyd olunan ünvanda uşaq əyləncə zonası üçün yelləncəklər və söhbətgahlar quraşdırıblar.
"Qış aylarında yaşayış kompleksinin komendantlığı bizdən xahiş etdi ki, həmin söhbətgahları bir həftəlik kənara qoyaq, çünki burada bərpa işləri gedir. Onlar binanın altında idman zalı düzəltdikləri üçün həyətdə quraşdırdığımız masa və stulları, sürüşkəni və yelləncəyi kənara qoydular. Ancaq iki ildir ki, söhbətgahlar və digər avadanlıqlar geri qaytarılmayıb. Hətta onların bir hissəsi həmin vaxt zərər görmüşdü. Zərər görməyənlər isə bərkidilmədiyi üçün davam edən güclü külək nəticəsində yenə də yararsız hala düşüb", - deyə sakin bildirib.
Onların sözlərinə görə, sözügedən avadanlıqları yenidən quraşdırmaq istəyiblər, lakin onların yenidən kənara qoyulacağından narahat olduqları üçün bunu edə bilməyiblər.
Xatırladaq ki, sözügedən məsələni ötən il iki dəfə - mayın 1-də və iyunun 3-də işıqlandırmışdıq.