Gədəbəy rayonunun Çanaqçı kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan dörd nəfər (bir kişi, üç azyaşlı) oktyabrın 13-də saat 23:45-də Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
"Müxtəlif növ bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib və ambulator müalicə üçün evə buraxılıblar. Hadisə nəticəsində bir nəfərin (qadın) həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə məlumatda bildirilib.
Əzizə İsmayılova
Gədəbəy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə dünən axşam saatlarında rayonun Çanaqçı kəndi ərazisində qeydə alınıb.
Rayon sakini, 1989-cu il təvəllüdlü Şükür Yapon oğlu Ələkbərov VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib, maşın yolun kənarına aşıb.
Nəticədə sürücünün həyat yoldaşı, 1993-cü il təvəllüdlü Səyyarə Əhliman qızı Ələkbərova hadisə yerində ölüb, oğlu, 2016-cı il təvəllüdlü Əli Şükür oğlu Ələkbərov isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.