Göygöl rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, hadisə nəticəsində xəsarət alan dörd nəfər (bir kişi, üç qadın) avqustun 25-də saat 20:50-də Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir", - deyə məlumatda bildirilib.
Əzizə İsmayılova
Göygöldə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadla xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan VAZ ilə "Mercedes" markalı minik avtomobilləri toqquşub.
Qəza zamanı 60 yaşlı R.Məmmədovun öldüyü, bir neçə nəfərin isə xəsarət aldığı bildirilir.
Xəsarət alanlar 1965-ci il təvəllüdlü Q.Həsənov, 1968-ci il təvəllüdlü G.Həsənova, 1970-ci il təvəllüdlü İ.Əliyeva və 1973-cü il təvəllüdlü Y.Məmmədovadır.
Xəsarət alanlardan Q.Həsənovun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.
Faktla bağlı araşdırma aparılır.