İmişlinin Məzrəli kəndində baş verən avtomobil qəzasında ölən şəxsin kimliyi məlum olub.
Oxu.Az xəbər verir ki, ölən şəxs Cəbrayıl rayon sakini 2004-cü il təvəllüdlü Sahil Məhərrəmovdur.
Faktla bağlı araşdırmalar davam etdirilir.
İmişli rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 9-u, saat 14:00-da İmişli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə beş nəfər (biri uşaq olmaqla üçü kişi cinsli, ikisi qadın cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Yaralılara kəllə əsasının sınığı, daxili orqanların zədələnməsi, travmatik şok, bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən dörd nəfərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.
Zəruri instrumental-diaqnostik müayinələrə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq 2004-cü il təvəllüdlü şəxsin (kişi cinsli) ölüm faktı qeydə alınıb", - deyə məlumatda vurğulanır.
Əzizə İsmayılova
İmişli rayonunda iki minik avtomobilinin toqquşması ölümlə nəticələnib.
Oxu.Az xəbər verir ki, hadisə İmişli rayonunun Məzrəli kəndi ərazisində qeydə alınıb.
Belə ki, iki "Mercedes" markalı minik avtomobili toqquşub. Daha sonra zərbənin təsirindən avtomobillərdən biri yol kənarına aşıb. Qəza nəticəsində bir nəfər ölüb, dörd nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.

Əli Məmmədov