Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İşdən çıxarılan vəzifəli şəxs Naxçıvan Ali Məclisini məhkəməyə verdi
Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin sabiq rəis müavini Nihad Məhəmmədzadə Naxçıvan Muxtar Respublikası Ali Məclisini məhkəməyə verib.
Oxu.Az elektron məhkəmə portalına istinadla xəbər verir ki, Nihad Məhəmmədzadənin məhkəməyə müraciət etməsinin səbəbi işə bərpa edilmə tələbi ilə bağlıdır.
Belə ki, o, 2 dekabr 2024-cü il tarixində vəzifəsindən azad edilib. Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb.
Nihad Məmmədzadə vəzifəsindən uzaqlaşdırılmasının səbəbinin muxtar respublikada vergi sahəsində aparılan yoxlamalar zamanı bir sıra qanunsuzluqları, vergidən yayınma hallarını üzə çıxarması ilə bağlı olduğu bildirir.
İşə Naxçıvan Şəhər Məhkəməsində hakim Gülnar Səfərəliyevanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Nihad Məhəmmədzadə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 14 iyul 2023-cü il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsinə təyin edilmişdi.
N.Məhəmmədzadənin məhkəməyə müraciəti ilə bağlı ilk məlumatı TNS.az saytı yayıb.
Rəylər