Avqustun 20-də Rusiya ordusu başda paytaxt Kiyev olmaqla, Ukraynanın bir sıra vilayətlərinə yenidən kütləvi hava zərbələri endirib.
Hücumlar zamanı əsasən ərzaq anbarları, enerji infrastrukturu və logistika mərkəzləri hədəfə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.
Ümumilikdə Rusiya ordusunun 100-ə yaxın ballistik və qanadlı raket, həmçinin 100-dən çox pilotsuz uçuş aparatı ilə zərbələr endirdiyi bildirilir.
Hava hücumundan müdafiə sistemlərində raket çatışmazlığı səbəbindən raketlərin böyük hissəsinin hədəflərinə çatdığı qeyd olunur.
Kiyev, Çerniqov, Xarkov, Poltava və Dnepropetrovsk vilayətlərində elektrik stansiyalarının və ərzaq anbarlarının zədələnməsi nəticəsində mağazalarda ərzaq və qeyri-ərzaq məhsullarının qıtlığı müşahidə olunur.
Kiyev vilayətinin Brovarı rayonu isə tamamilə işıqsız qalıb.
Kiyevdə ölənlərin sayının 15-ə, yaralananların sayının isə 40-a çatdığı bildirilir. Ölkə üzrə gün ərzində ölənlərin sayının 40-a çatdığı qeyd olunur. Dağıntılar altında axtarış-xilasetmə işləri davam etdiyindən tələfat sayının artacağı istisna edilmir.
Kiyev sakinləri baş verənlər barədə danışıblar.
"Hələ də baş verənləri dərk edə bilmirəm. Hər şey bir anda oldu. Allaha şükür ki, sağam. Binaya girməyə icazə vermirlər, xilasedicilər işləyir. Zərbə çox güclü idi. Həyəcan siqnalı veriləndə zirzəmiyə qaçdıq", - sakinlərdən biri deyib.