İyulun 23-də saat 2:40-da zəhərlənmə şübhəsilə səkkiz nəfər (dördü kişi, dördü qadın cinsli olmaqla) Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Məlumatda bildirilib ki, pasiyentlərin hər birinə zəruri tibbi yardım göstərilib və onlar ambulator müalicə üçün evə buraxılıblar.
"Kürdəmir rayonunda məişət şəraitində baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsinin əməkdaşları tərəfindən müvafiq qurumlarla birgə araşdırmalar aparılır".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib.
Məlumatda qeyd olunub ki, agentliyin mütəxəssisləri hadisə yerinə baxış keçirərək nümunələrin götürülməsi və laborator müayinələrə cəlb edilməsi istiqamətində müvafiq prosedurları icra edirlər:
"İlkin ehtimala görə, hadisə ev şəraitində tələblərə riayət edilmədən hazırlanan və ya düzgün saxlanılmayan müxtəlif qidalardan baş verib. Faktla bağlı araşdırmalar davam edir".
Məhərrəm Əliyev
Kürdəmirdə kütləvi zəhərlənmə hadisəsi baş verib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Cəyli kəndində qeydə alınıb.
Belə ki, kənd sakinləri qohumlarla birgə evdə yemək yedikdən sonra qəfildən onların halı pisləşib. Ümumilikdə səkkiz nəfər zəhərlənib. Onlardan ikisi uşaqdır.
2020-ci il təvəllüdlü Əli Coşqun oğlu Xəlilov, 2013-cü il təvəllüdlü Ömər Coşqun oğlu Xəlilov, 1986-cı il təvəllüdlü Asudə Əşrəf qızı Şükürova, 1997-ci il təvəllüdlü Famil Habil oğlu Şükürov, 1974-cü il təvəllüdlü Şamama Əjdər qızı Şükürova, 2008-ci il təvəllüdlü Şəbnəm Qabil qızı Şükürova, 1994-cü il təvəllüdlü Şəlalə Habil qızı Şükürova, 1977-ci il təvəllüdlü Qabil İsgəndər oğlu Şükürov dərhal təcili tibbi yardım briqadasının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Onlara ilkin tibbi yardım göstərilib. Həkimlər onların vəziyyətini orta ağır qiymətləndirirlər.
Xatırladaq ki, bir neçə gün öncə Kürdəmirin Xırdapay kəndində hərbi xidmətə yolasalma münasibətilə təşkil olunan mərasimdə 24 nəfər zəhərlənmişdi. Onlardan da altısı azyaşlı idi.