Lənkəranda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan ailənin son vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, iyunun 10-u, saat 14:08-də Lənkəran rayonu, Girdəni kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 6 nəfər (3-ü kişi, 3-ü qadın olmaqla) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Hər birinə zəruri ilkin tibbi xidmət göstərilib, müalicələri həkim nəzarəti altında davam etdirilir. Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.
Qeyd edək ki, yaralılardan 4-ü azyaşlıdır.
Lənkəranda bir ailənin 5 üzvü qəzaya düşüb.
Oxu.Az-ın məlumatına görə, hadisə Lənkəran-Boradigah-Masallı avtomobil yolunun Lənkəran rayonunun Girdəni kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. VAZ-2107 markalı avtomobil hərəkətdə olan zaman qarşıdan gələn "Mercedes" markalı avtomobillə toqquşub.
Hadisə zamanı VAZ markalı avtomobildə olan, Lənkəran rayonunun Havzava kənd sakinləri - 1976-cı il təvəllüdlü Kəsirə Xudaverdiyeva, 1984-cü il təvəllüdlü Kərim Əliyev, 2010-cu il təvəllüdlü A.Xudaverdiyev, 2011-ci il təvəllüdlü K.Kərimli və 2012-ci il təvəllüdlü A.Kərimli müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Məlumata görə, hadisə nəticəsində xəsarət alanlar bir ailənin üzvləridirlər.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli