Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə Bakıda tanışını bıçaqlayan Əbdüləli Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Oxu.Az Lent.az-a istinadla xəbər verir ki, zərərçəkmiş İlkin Ələsgərov təqsirləndirilən şəxsi tanıdığını bildirib:
"Mən lotereya satıcısıyam. Əbdüləlinin 89 manat borcu olduğuna görə bu dəfə onu köşkə yaxınlaşmağa qoymadım. Dedim ki, borcunu ödəsin, ondan sonra onu "poz qazan"a yaxın qoyum. Telefonunu qoydu ki, gedib gətirirəm. Amma şüşədən müşahidə elədim ki, getməyib, oturub qıraqda. Dedi ki, qapını açım, borclu olduğu pulu gətirib. Qapını açan kimi dedi ki, ağıllı ol. Sonra bıçaqla üstümə cumdu. Bıçaq qarın nahiyəmə dəydi, bunu itələyəndə bu dəfə bıçaq böyrümə girdi. Elə bu zaman tanımadığım cavan uşaq Əbdüləlini arxadan qucaqlayıb qırağa çəkdi. Dostum Əvəz yaxınlıqda işləyirdi, getdim yanına, Əbdüləlinin məni bıçaqladığını deyib qanı saxlamaq üçün ondan parça, salfetka istədim. Ondan sonrasını xatırlamıram, gözümü xəstəxanada açdım. Qoca, yaşlı adamdır, bağışlayıram getsin".
Şahid Əvəz Zeynalov hadisənin necə baş verməsini görmədiyini, lakin həmin gün İ.Ələsgərovu qan içində görərək, ona kömək etdiyini bildirib.
Dövlət ittihamçısı çıxış edərək Ə.Həsənovun 8 il müddətinə həbs olunmasını, məhkəmə zalında qandallanmasını istəyib.
Təqsirləndirilən şəxs isə bağışlanmasını xahiş edib.
Daha sonra məhkəmə 11 dekabr saat 09:30-a təyin edilib.
Xatırladaq ki, hadisə iyun ayında paytaxtın Binəqədi rayonunda baş verib.
Faktla bağlı cinayət işi başlanılıb və Əbdüləli Həsənov Cinayət Məcəlləsinin 126.2.4, 221.3 maddələri ilə ittiham elan olunub.