Neftçala rayonunun Qazaxbərəsi kəndində bayram hazırlıqları faciə ilə yekunlaşıb. Bayram süfrəsi üçün alış-veriş etmək istəyən iki qardaş - Rəvan və Əli Manaflılar avtomobil qəzası nəticəsində həyatlarını itiriblər.
Mağazadan geri qayıdarkən qardaşlardan birinin sükanı arxasında olduğu avtomobil idarəetmənin itirilməsi nəticəsində evlərinə cəmi 200 metr qalmış yol kənarındakı kanala aşıb. Zərbənin təsirindən qaz borusu qırılıb və avtomobil suya düşüb. Hər iki qardaş hadisə yerində həlak olublar. Onların cansız bədənləri sudan çıxarılaraq ailələrinə təhvil verilib.
Hadisə ilə bağlı danışan qardaşların babası Zakir Manafov Baku TV-yə bildirib: "Böyük arzularım var idi. Hamısı getdi. Ən təhlükəli yer oradır. Həmin yerə yüzlərlə maşın düşüb, amma baxan yoxdur".
Qonşuların sözlərinə görə, həmin ərazi illərdir təhlükə mənbəyi olub. Bu dəfə də sözügedən yerdə iki gəncin ömrü yarımçıq qaldı. Onların valideynləri Bakı şəhərində yaşayır, ailə bayram münasibətilə kəndə toplaşmışdı. Qardaşlardan biri son bir ildə babasının yanında qalırmış.
Qeyd edək ki, ailədə elə iki övlad olub. Həlak olan gənclər kənd qəbiristanlığında yanaşı məzarlarda torpağa tapşırılıb. Hadisə ilə bağlı araşdırmalar davam edir.
Neftçala rayonunda iki qardaşın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Oxu.Az bizim.media-ya istinadən xəbər verir ki, hadisə qardaşların mağazadan qayıdarkən, evlərinə təxminən 200 metr məsafə qalmış baş verib.
Qeyd edək ki, onların valideynləri Bakıda yaşayırlar. Onlardan biri kənddə babasının yanında qalırmış. Ailə bayram münasibətilə kəndə gedibmiş. Ailənin elə iki övladı olub.
Faktla bağlı araşdırma aparılır.

Neftçalada qəza baş verib, iki qardaş avtomobillə kanala düşərək ölüb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Qazaxbərəsi kəndində qeydiyyatda olan 2009-cu il təvəllüdlü Rəvan Vüsal oğlu Manaflı və qardaşı, 2011-ci il təvəllüdlü Əli Vüsal oğlu Manaflı səhər saatlarında Ramazanlı kəndi ərazisində valideynlərinə məxsus 99-TE-303 dövlət nömrə nişanlı "Nissan" markalı avtomobillə hərəkətdə olarkən maşın idarəetmədən çıxıb və kanala düşüb.
Hər iki qardaş hadisə yerində ölüb.
Onların meyitləri sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.