Saatlı şəhərində baş verən ağır yol-nəqliyyat hadisəsinin ilkin səbəbi açıqlanıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi açıqlama və hadisənin anbaan görüntüsünü yayıb.
Qeyd olunub ki, oktyabrın 7-si saat 20:45-də Saatlı şəhəri ərazisində rayon sakini Rəhman Məmmədov idarə etdiyi "Mercedes" markalı avtomobillə ötmə əməliyyatı yerinə yetirərkən idarəetməni itirərək maşını əvvəlcə işıq dirəyinə, sonra isə yol kənarında hasara çırpıb.
Qəza nəticəsində avtomobilində olan sərnişinlər - sürücünün anası və yeddi yaşlı bacısı xəsarət alıblar. Xəstəxanaya çatdırılsa da, azyaşlının həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
İlkin ehtimala görə, hadisənin baş verməsinə səbəb sürücünün yolun qadağan olunan hissəsində ötmə əməliyyatı icra etməsi, həmçinin sürət həddini, yol və hava şəraitini düzgün qiymətləndirməməsi göstərilir.
Baş Dövlət Yol Polisi İdarəsi sözügedən hadisə ilə əlaqədar bir daha sürücülərə müraciət edərək, onları bu faciəli hadisədən düzgün nəticə çıxarmağa, sadə hesab etdikləri istənilən qayda pozuntusunun hər an iztirab və peşmanlıq gətirə biləcəyini unutmamağa, verilən tövsiyələrə qeyd-şərtsiz əməl etməyə çağırır.
Saatlıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatı bəlli olub.
Oxu.Az-ın məlumatına görə, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Saatlı şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
2003-cü il təvəllüdlü Rəhman Möhsüm oğlu Məmmədov "Mercedes" markalı avtomobil ilə Bəhrəmtəpə istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yolun sol tərəfində yerləşən işıq dirəyinə, daha sonra isə həmin yerdəki istirahət parkının ətrafına quraşdırılmış dəmir və beton materialdan olan hasara çırpıb.
Hadisə nəticəsində avtomobildə olan sərnişin Könül Mirzağa qızı Məmmədova bədən xəsarətləri alıb və Saatlıda xəstəxanaya yerləşdirilib, digər sərnişin - Bahar Möhsüm qızı Məmmədova isə aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Samir Əli
Saatlı rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 5 yaşlı uşaq həyatını itirib.
Oxu.Az APA-ya istinadla xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.
Qeyd olunub ki, "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yoldan kənara yuvarlanıb. Qəza nəticəsində avtomobildə olan 5 yaşlı uşaq ölüb.
Faktla bağlı araşdırma aparılır.