Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Samuxda məktəb direktoru döyülüb: "Hadisə vaxtı 1000 manatlıq üzüyüm itib"
Samux rayonu, Qaraağaclı qəsəbəsində yerləşən Qaraağaclı qəsəbə tam orta məktəbinin direktoru Cəmilə Rəhimova döyülüb. Onu döyən şəxs məktəbin işçisi olub.
Oxu.Az Musavat.com-a istinadən xəbər verir ki, direktoru döyməkdə ittiham olunan şəxs Elbir M. 10 ildən çox adıçəkilən məktəbin təsərrüfat müdiri vəzifəsində çalışıb.
Son illər məktəb direktoru ilə aralarında mübahisələr baş verib. Elbir hadisə günü məktəbə jurnalistlər çağıraraq direktorun qanunsuz hərəkətləri ilə bağlı müsahibə verib.
Jurnalistlər gedəndən sonra direktorla aralarında mübahisə yaranıb. İttihama görə, mübahisə zamanı təqsirləndirilən şəxs direktoru vuraraq ona xəsarətlər yetirib.
Amma təqsirləndirilən şəxs bildirib ki, bu işdə onun özü zərərçəkmiş olmalı imiş. Çünki direktor tərəfindən döyülən özü olub.
"Məktəbdəki qanunsuzluqlara bağlı yoxlama aparılanda mən həqiqəti dedim. Buna görə direktor məndən narazı qalmışdı. Buna görə məni işdən çıxardı. Amma təhsil şöbəsinə şikayətimdən sonra məni işə bərpa etdilər. Çünki qanunsuz olaraq çıxarılmışdım. Sonra Cəmilə mənimlə düşmənçilik etməyə başladı. Mən də bir neçə jurnalist çağırıb vəziyyəti danışdım. Jurnalistlər gedəndən sonra məktəbə qayıtdım. Koridora girəndə arxadan başıma zərbələr dəydi. Cəmilə əlindəki sarı süpürgə ilə başıma vururdu. Mənə "it oğlu, məktəbə adam gətirirsən?" dedi. Çinarə müəllimə orada idi. Cəmiləni sakitləşdirməyə çalışırdı. Digər müəllimlər gəlib bizi aralaşdırdılar. Həmin zaman Cəmilə qolundan xəsarət alıb. Mən ona heç nə etməmişəm. Dedikləri yalandır", - deyə təqsirləndirilən şəxs bildirib.
Direktor Cəmilə Rəhimova isə Elbiri günahkar bilib. Deyib ki, hadisə vaxtı Elbir ona xəsarət yetirib, başına yumruq zərbələri vurarkən əli ilə özünü müdafiə edib. Direktorun sözlərinə görə, dava zamanı 1000 manatlıq qızıl üzüyü itib.
Direktor şikayətçi olduğunu deyib, amma Elbirə həbslə bağlı olmayan cəza verilməsini istəyib.
Məhkəmə qəsdən sağlamlığa yüngül zərər vurmaqda günahlandırılan Elbirə 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edib.