Yanvarın 12-də Şəki rayonu ərazisində Səttar Nəbiyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Oxu.Az xəbər verir ki, bu barədə Şəki Rayon Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, araşdırma zamanı 2000-ci il təvəllüdlü Hüseyn İsmayılovun yanvarın 10-da Səttar Nəbiyevi sifət nahiyəsindən əli ilə vurması nəticəsində sonuncunun yerə yıxılması və almış olduğu xəsarətlərdən 2 gün sonra xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Hüseyn İsmayılov iş üzrə şübhəli şəxs qismində tutulub.
Yanvarın 10-da Şəki rayonunun İnçə kəndi ərazisində 1960-cı il təvəllüdlü Səttar Nəbiyevlə 26 yaşlı Hüseyn İsmayılov arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.
Oxu.Az-ın məlumatına görə, mübahisə zamanı H.İsmayılov S.Nəbiyevin üz nahiyəsinə əli ilə vuraraq xəsarət yetirib.
Bundan sonra xəsarət alan şəxs H.İsmayılovun atası tərəfindən evinə aparılarkən yolda avtomobildən enib və bir qədər getdikdən sonra yıxılaraq növbəti dəfə xəsarət alıb.
Xəstəxanaya yerləşdirilən S.Nəbiyev bu gün aldığı xəsarətlərdən xəstəxanada ölüb. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə H.İsmayılov şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Aqil Vəlili