Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki rayonunun ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, aprelin 22-si, gecə saat 2-də yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan üç nəfər (kişi cinsli) Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Hər birinə ilkin tibbi yardım göstərilib və dərhal Reanimasiya şöbəsinə yerləşdiriliblər. Travmatik şok diaqnozu təyin edilən, vəziyyəti ağır qiymətləndirilən 1981-ci il təvəllüdlü şəxsə zəruri reanimasiya tədbirlərinin göstərilməsinə baxmayaraq, saat 4:20-də ölüm faktı qeydə alınıb.
Dəqiqləşdirilməmiş kəllədaxili travma diaqnozu təyin edilən 2010-cu il təvəllüdlü yeniyetmə və dəqiqləşdirilməmiş koma diaqnozu təyin edilən 2016-cı il təvəllüdlü azyaşlının da vəziyyəti ağır qiymətləndirilir", - deyə məlumatda qeyd olunur.
Əzizə İsmayılova
Aprelin 22-də saat 2 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki rayonunun ərazisindən keçən hissəsində avtoqəza baş verib.
"Mercedes" markalı avtomobilin sürücüsü, 1981-ci il təvəllüdlü Təvəkkül Şiralıyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarındakı ağaca çırpılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan sürücü çatdırıldığı xəstəxanada ölüb, 2016-cı il təvəllüdlü oğlu Kənan Şiralızadə isə xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Samir İsayev