Tovuzda partlayışda xəsarət alan bir ailənin üç üzvü Bakı Yanıq Mərkəzinə köçürülüb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasından bildirlib ki,martın 17-də gecə saat 03:55 radələrində qaz sızması nəticəsində baş verən partlayışda xəsarət alan üç nəfər (iki qadın, bir kişi) Tovuz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
2024 təvəllüdlü azyaşlıya (kişi) bədənin II-III dərəcəli 15 faizlik termiki yanığı, 1997 və 2005-ci il təvəllüdlü şəxslərə isə bədənin II-III dərəcəli 40-60 faizlik yanığı diaqnozları təyin olunub:
"Pasiyentlərə zəruri ilkin tibbi yardım göstərilib və onlar Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə hospitalizasiya olunublar".
Tovuz rayonunda yaşayış evində partlayış olub.
Oxu.Az-ın məlumatına görə, hadisə gecə saatlarında rayonun Aşağı Quşçu kəndində baş verib.
Kənd sakini, 1967-ci il təvəllüdlü Zeyhun Cəfərova məxsus 4 otaqlı evdə qaz sızmasından qəfil partlayış olub.
Hadisə nəticəsində ev sahibi və onun ailə üzvləri - 1997-cü il təvəllüdlü Turxan Cəfərzadə, 2005-ci il təvəllüdlü Turanə Cəfərova və 2024-cü il təvəllüdlü F.Cəfərov yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.