Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
AFFA koronavirus testindən keçmək üçün klublara nə qədər pul ayırıb?
“Məbləğ bütün klubların hamısına eyni dərəcədə ayrılıb”.
Bunu Oxu.Az-a AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla Azərbaycanın səkkiz Premyer Liqa klubuna koronavirus testi üçün ayrılan məbləğ barədə danışarkən bildirib.
AFFA ötən həftə PFL və klub rəsmiləri ilə keçirdiyi videokonfrans formatında iclasından sonra koronavirus testindən keçmək üçün maliyyə vəsaiti ayırıb. Lakin məbləğ açıqlanmayıb.
Bəs klublar üçün məbləğ eyni dərəcədə paylaşılıb? Çünki bir klubun testdən keçməsi üçün daha çox maliyyə vəsaitinə, digər klubun testdən keçməsi üçün daha az maliyyə vəsaitinə ehtiyacı ola bilər.
Məsələn, “Neftçi”nin ən yaxşı halda 100 manatlıq koronavirus testindən keçəcəyini, maksimum rəqəm olaraq 100 adamın (futbolçular, məşqçilər, inzibati heyət, klub mühafizəçiləri, klub rəhbərliyi) bu testə salınacağını nəzərə alsaq, bu rəqəm 10 min manat edir. Ancaq digər klubda, məsələn, “Səbail”də daha az adamın testdən keçəcəyini nəzərə alsaq, bu rəqəm 7-8 min də edə bilər.
Lakin AFFA bu məsələdə hər hansı ayrı-seçkiliyə yol verməyib. Firuz Abdullanın sözlərinə görə, əlavə əməkdaşların testdən keçirilməsi klubların öz ixtiyarında olan məsələdir. Pul yalnız məşqçi və futbolçular üçün ayrılıb:
“AFFA-nın tövsiyəsi məşqçi və futbolçu heyətinin test edilməsi idi. Bu da bütün klublarda aşağı-yuxarı eyni saydır. Əlavə əməkdaşların testdən keçirilməsi klubların öz səlahiyyəti və hüququdur, AFFA buna müdaxilə etmir”.
AFFA rəsmisi məbləği açıqlamaqdan imtina edib:
“Təəssüf ki, məbləği açıqlaya bilmərəm”.
Lakin məbləği öz kanallarımız vasitəsilə dəqiqləşdirə bildik. Əldə etdiyimiz məlumata görə, AFFA hər bir kluba 5 min manat ayırıb. Bu isə klublar üçün ümumilikdə AFFA-nın büdcəsindən 40 min manat pul ayrılması deməkdir.
Qeyd edək ki, artıq “Qarabağ”, “Neftçi”, “Keşlə”, “Zirə”, “Sabah”, “Səbail” klubları koronavirus testindən keçdiklərini və nəticələrin neqativ çıxdığını açıqlayıb. Bakıdan kənarda fəaliyyət göstərən “Sumqayıt” və “Qəbələ” klubları isə bu barədə heç bir məlumat yaymayıb.
Səbuhi Musayev
Rəylər