"Azərbaycan futbolu üçün böyük işlər həyata keçirilib".
Oxu.Az xəbər verir ki, bunu AFFA baş katibinin müşaviri Ramazan Səmədov jurnalistlərə açıqlamasında deyib.
O, Bakıda keçiriləcək U-15 dünya çempionatı və festivalı üçün Hövsan Yarış Kompleksində görülən işlərdən danışıb. AFFA rəsmisi bildirib ki, cəmi 66 gün ərzində FIFA standartlarına uyğun 10 meydança hazırlanıb:
"İki ay əvvəl burada tamam fərqli mənzərə var idi. Bura, demək olar ki, səhra idi. 66 günə FIFA standartlarına uyğun 10 meydança quruldu. Bütün dövlət qurumları ilk gündən bizə dəstək göstərdilər. Azərbaycan futbolu üçün böyük işlər görülüb. U-15 dünya çempionatı da bu işlərə təkan verdi. Əsas arzularımızdan biri uşaq futbolunun inkişafı üçün şərait yaratmaq idi. Artıq bunun üçün lazımi imkanlar formalaşdırılıb".
R.Səmədov FIFA prezidenti Canni İnfantinonun da komplekslə tanış olduğunu xatırladıb:
"O, belə sürətlə işlərin yekunlaşdırıldığını heç bir ölkədə görmədiyini bildirdi. Hər bir stadionda tribunaların quraşdırılması gündəmdədir. İki stadionda 100, digər meydançalarda isə 50 nəfərin matçları izləməsi mümkün olacaq".
AFFA rəsmisi meydançalardakı ot örtüyünün də FIFA standartlarına uyğun olduğunu vurğulayıb:
"Hazırda ərazidə FIFA-nın nümayəndələri də fəaliyyət göstərirlər. Bu kompleks ilk növbədə uşaq futbolunun inkişafına xidmət edəcək".
Qeyd edək ki, U-15 dünya çempionatı və festivalı 22-30 oktyabr tarixlərində Hövsan Yarış Kompleksində keçiriləcək.
Turnirin açılış və final mərasimləri isə Bakı Kristal Zalında təşkil olunacaq.