Azərbaycanın Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəhbərliyi ölkə yığması ilə Rusiya yığması arasında dostluq matçının Bakının Olimpiya Stadionunda keçirilməsini istəyir.
Oxu.Az xəbər verir ki, bu barədə TASS-a AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
Hazırda Olimpiya stadionu Bakıda keçirilən Avropa Oyunlarının əsas idman arenalarından biridir. Stadionda Avropa Oyunlarının açılış mərasimi keçirilib. İyunun 28-də isə arenada oyunların bağlanış mərasimi baş tutacaq.
“Son üç ildə biz Rusiya yığması ilə bir neçə dəfə görüşmüşük, həmçinin keçən il Moskvada dostluq matçı keçirmişik. Bizim böyük stadionda da oyun təşkil etmək istərdik. Əminik ki, stadion tam dolardı. Təəssüf ki, bununla bağlı bir az çətinlik var, belə ki, gələn il üçün plan qabaqcadan tutulub”, - Məmmədov deyib.
Olimpiya stadionunda ilk futbol matçı cari ilin oktyabrın 10-na planlaşdırılıb. Avropa 2016 çempionatının seçim turnirində Azərbaycan yığması İtaliya komandası ilə oynayacaq.