Avropa Olimpiya Komitəsi (AOK) Rusiyanı 2019-cu ildə keçiriləcək İkinci Avropa Oyunlarının keçirilməsi üçün prioritet yer hesab edir.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, müvafiq təklif AOK prezidenti Patrik Hikkidən gəlib. Təklif Praqada təşkilatın Baş assambleyasında səslənib.
“İcra komitəsinin iclasında biz növbəti Avropa Oyunlarının keçirilməsinin bütün detallarını müzakirə etmişik”, - Hikki bildirib.
“Bakıda keçirilən Birinci Avropa Oyunları təmtəraqlı və uğurlu alındı. İndi biz 2019-cu ilin Oyunlarına köklənmişik və onları daha da müasirləşdirmək üzərində işləyirik.
AOK Oyunların keçirilmə məsələsini yeddi ölkə ilə müzakirə edib. Bildiyiniz kimi ilkin olaraq biz Oyunları Niderlandda keçirməyi düşünürdük, amma müəyyən səbəblərdən etiraz etməli olduq.
Avtomatik olaraq bizim prioritetimiz Rusiya oldu. İndi burada (Baş assambleyada) Oyunların bu ölkədə keçirilməsinin konsepsiyasını təqdim edəcəyik”.
Qeyd edək ki, Birinci Avropa Oyunları 2015-ci ilin iyun ayında Bakıda keçirilib.