“Araz-Naxçıvan”ın dağılacağına inanmıram. Onlar Premyer Liqada yollarına davam edəcəklər.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, bu sözləri apasport.az saytına açıqlamasında AFFA-nın Hakimlər Komitəsinin (HK) sədri Xaqani Məmmədov deyib.
“Araz-Naxçıvan” klubu rəsmi saytı vasitəsilə yaydığı məlumatda fəaliyyətini dayandırmasına səbəb kimi, çempionat oyunlarında üzləşdikləri hakim haqsızlığını göstərib. HK sədri isə Naxçıvan təmsilçisinin ittihamlarının heç bir məntiqə sığmadığını deyib: “Sübut etsinlər ki, hansısa oyunda hakim sırf onlara qarşı qərəzli mövqe tutub. Hakimlərin səhvləri olur və bu, bütün klubların oyununda baş verə bilər. “Qarabağ”la görüşdəki penalti epizoduna görə fəaliyyətlərini dayandırırlar? Həmin epizodu bütün Azərbaycan gördü, 11 metrlik cərimə zərbəsi zamanı verilən qərar düzgün idi. “Araz-Naxçıvan”ın futbolçusu açıq-aşkar əllə oynamışdı. Dünyanın heç bir ölkəsində, heç bir klub hakim haqsızlığını iddia edib fəaliyyətini dayandırmayıb. Bu, hansı məntiqə sığır?”.
Məmmədov “Araz-Naxçıvan”ın “Sumqayıt” və “Qəbələ” ilə oyunlarda hakim tərəfindən haqsızlığa məruz qalmasını iddia etməsinə də aydınlıq gətirib: “Konkret hansı epizoddursa, desinlər. Bir dəfə bizə müraciət ediblər ki, filan oyunda referi bizə qarşı səhv etdi. Ona da baxmışıq. Heç bir səhv İntizam Komitəsinin gözündən yayınmır. Sizə deyim ki, onların fəaliyyətini dayandırmasının səbəbi hakimlər deyil. Bu söhbətə heç inanmaq lazım deyil. İndi “Araz-Naxçıvan” klubunun rəhbərliyi ilə danışacam. Ondan sonra hər şeyə aydınlıq gələr”.
15:10
“Araz-Naxçıvan” klubunun fəaliyyətini dayandırması ilə bağlı klubun rəsmi saytında məlumat yerləşdirilib.
Oxu.Az xəbər verir ki, klub bu gün rəsmi saytı vasitəsilə yaydığı məlumatda fəaliyyətini dayandırmasının səbəblərini açıqlayıb.
Açıqlamada qeyd olunur: ““Araz-Naxçıvan” PFK ötən gün fəaliyyətini dayandırması ilə bağlı açıqlama vermişdi və PFL-ə də rəsmi məktub göndərmişdi.
Bu məlumatla bağlı yerli mətbuatda bir sıra xəbərlər öz əksini tapdı. Bəzi mətbu orqanlar əsassız xəbərlər yayaraq, klubun dağıldığını müəyyən səbəblərlə bağladılar. Lakin bu xəbərlərin çoxu həqiqəti əks etdirmir. Muxtar respublika klubunun çempionatı tərk etməsi və fəaliyyətini dayandırmasının səbəbi isə tam fərqlidir.
Belə ki, “Araz-Naxçıvan”ın çempionatı tərk etməsinin əsl səbəbi öncədən məlum idi. Çünki klub yaradılarkən öz strategiyasına uyğun olaraq fəaliyyət dairəsi seçmişdi. İlk olaraq yerli futbolçularla güclənməyi qarşısına məqsəd qoyan komandanın əsl məqsədi Azərbaycan futboluna xidmət etmək və yerli oyunçuların gücündən istifadə etmək idi. Lakin zaman keçdikcə klubumuza qarşı bəzi haqsızlıqlar muxtar respublika təmsilçisinin fəaliyyətini dayandırmasına səbəb oldu.
Xatırlayırsızsa, hələ çempionatın 2-ci turunda “Qəbələ”, 4-cü turunda isə “Sumqayıt”la oyunda komandamız hakim haqsızlıqları ilə üzləşmiş və bu barədə futbol qurumuna müraciət olunmuşdu. Sonradan məsələ öz həllini tapsa da, klubumuz müəyyən şərtlərlə çempionatda oyunlarına davam etdi. Ancaq sonrakı turlarda məlum hadisələrdən sonra klub rəhbərliyinin səbir kasası daşdı və klubun fəaliyyətinin dayandırılmasına göstəriş verildi. Biz “Araz-Naxçıvan” PFK olaraq, çempionatı təşkil edən PFL-ə, həmçinin futbolun inkişafı üçün çalışan AFFA rəhbərliyinə təşəkkürümüzü bildiririk və çempionatın növbəti turlarında digər klublara uğurlar arzulayırıq. Yarandığı gündən etibarən komandanın daim yanında olan sadiq azarkeşlərimizə minnətdarlığımızı bildiririk”.
E.Ə.
www.oxu.az