Təqdim olunan fotoşəkillər Hindistan, Pakistan, İraq, Myanma kimi ölkələrdə Aşura mərasiminin qeyd olunması zamanı çəkilib.
Fotoşəkillərdən də göründüyü kimi, adları çəkilən ölkələrdə Aşura gününün qeyd olunması zamanı baş yarmaq, qan çıxarmaq təbliğ olunur.
Qeyd edək ki, Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsi, o cümlədən din xadimləri Aşura gününün bu şəkildə qeyd olunmasının əleyhinə çıxış edirlər. Artıq bir neçə ildir ki, Azərbaycanda Aşura günü qanvermə aksiyaları həyata keçirilir.
Bu il QMİ-nin Aşura günü ilə bağlı yaydığı fətvada da bu məsələ öz əksini tapıb:
“Qurşağadək soyunaraq zəncir, sinə vurmaqla qan çıxarmaq şəriətə uyğun deyil və qınağa səbəb olur. Əzadarlar özlərinə xəsarət yetirməməlidirlər. Son illər təziyə günlərində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsidir və bu örnək din xadimləri tərəfindən təbliğ edilməlidir”.
Elə bu gün Aşura ilə əlaqədar Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən irsi qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədi ilə könüllü qanvermə aksiyalarında qan verənlərin sayı 4043 nəfər olub, ümumilikdə 1600 litr qan yığılıb.
QEYD: Ürəyi zəif olan şəxslərin təqdim olunan fotoşəkillərə baxması qətiyyən məsləhət görülmür.