Bu gün Bakı 2015 Avropa Oyunlarının baş ofisində Azərbaycan təhsil ocaqlarının Tələbə Gənclər Təşkilatlarının nümayəndələrinə Bakı 2015 Avropa Oyunları Könüllülük proqramı barədə təqdimat keçirilib.
Oxu.Az xəbər verir ki, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi Könüllülər Departamenti tərəfindən təşkil edilmiş təqdimat mərasimi zamanı Tələbə Gənclər Təşkilatları nümayəndələrinə könüllülük proqramı, könüllülərin işi, könüllülük proqramının üstünlükləri, könüllülərin qazanacağı üstünlüklər və proqrama necə qoşulmaq barədə ətraflı məlumat verilib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev tərəfindən könüllülərə veriləcək dəstək və könüllülük fəaliyyətinin düzgün koordinasiya olunması ilə bağlı məlumatlar verilib.
Tədbirdə Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi İnsan Resursları şöbəsinin direktoru Rob Klark çıxış edərək könüllülərin proqrama qoşulmasında Tələbə Gənclər Təşkilatlarının rolunu vurğulayaraq onları bu işdə daha da aktiv olmağa səslədi.
Tədbirdə eyni zamanda Azərbaycanda ilk dəfə həyata keçiriləcək xüsusi idman könüllüləri proqramı barədə də məlumat verilərək müxtəlif idman növləri ilə məşğul olan gənclərin də könüllülük proqramına qatılması üçün çağırış edilərək onların qazanacağı üstünlüklər barədə ətraflı məlumatlar verildi. Tədbirin Tələbə Gənclər Təşkilatlarının nümayəndələrinin sualları və onların cavablandırılması ilə yekunlaşdırıldı.
Tədbirin sonunda bir daha könüllülərin cəlb edilməsi işində Tələbə Gənclər Təşkilatlarının əhəmiyyətli rolu vurğulanaraq bu işdə daha da aktiv olmağa dəvət edildilər.