Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Təvəkkül Məmmədov: Yaşadığın mühit səni dəyişir – MÜSAHİBƏ + FOTOSESSİYA
Oxu.Az-ın “Oyundan kənar” rubrikasının növbəti qonağı “Sumqayıt” futbol klubunun oyunçusu Təvəkkül Məmmədovdur.
- Rayon ab-havasına öyrəşən biri üçün başqa məkan, fərqli insanlar, fərqli yanaşma çətin deyildi? Öyrəşə bildinmi?
- Gəncədə böyümüşəm, 6 yaşına kimi orda olmuşam. Atam o vaxt zavodda çalışırdı, sonradan atamın işi ilə əlaqədar Krasnodara köçdük. 6 yaşımdan orda oxudum, orda yaşadım. Yeni həyatım vətəndən uzaqda, maraqlı bir şəhərdə başlayıb. Yaşadığın mühit səni dəyişir, inkişaf etdirir.
- Əsas fərq nədir? Və sən ən çox nəyi bəyənirsən?
- Əsas fərqlər çoxdur. Məsələn, ən çox bəyəndiyim məqamlardan biri heç kəsin bir-birinə fikir verməməsi, qarışmamasıdır. Heç kim kiminsə bostanına daş atmır, yəni belə insanlar daha yaxşı, daha rahat stressiz yaşayır, bizdə isə əksinədir.
- Bir çox idmançıların yolu eyni olur. Səndə güləşdən futbola keçid necə oldu?
- İlk olaraq güləşlə məşğul olmuşam. Bu idman növünə marağım vardı, amma valideynlərim məni daha çox futbolda görmək istəyirdilər və elə də oldu, gəldim futbola. İlk olaraq orda başladım, “Kuban” komandasında oynadım, daha sonra dəyişiklik oldu, sonra Bakıya gəldim. “Sumqayıt” komandasında oynayıram, iki illik müqaviləm var. Çox istəyirəm bu yolda inkişaf edim, istədiyim yerə çatım.
- Oynadığın komanda “Sumqayıt”dı. Başqa hansı klubda oynamaq istəyərsən, yəni sevdiyin başqa hansı klubumuz var?
- İndi yaxşıdı, “Sumqayıt”da oynayıram, amma “Qarabağ” komandasını çox sevirəm, çox istəyərdim ki, bu komandada oynayım. “Qarabağ” komandası başqa cürdür – oyunları, həvəsləri. Bir gün orda oynamaq yəqin ki, mənə də qismət olar. Elə ən çox bəyəndiyim oyunçu da “Qarabağ”da oynayan Rəşad Sadıxovdur.
- İlk dəfə Bakıya gələndə hansı dəyişikliyi gördün?
- İlk dəfə 2002-ci ildə gəldim. Təsəvvür edin, 6 yaşımdan ordaydım və neçə il sonra gəlirsən bura, dəyişikliyi görürsən. Təbii ki, sevindirici haldır, Bakı bulvarını bəyəndim, çox vaxt orada oluram.
- Bildiyimə görə gəncəlisən, toyun da bu yaxınlarda orda oldu. Hansı adətinizlə fərqlənirsiz?
- Bəli, sağ olsun dostlar, tanışlar toyumda iştirak etdilər. Yaxşı da keçdi. Adət-ənənə deyəndə, hər bölgənin özünün toy adəti var, amma biz daha çox yeməklərimizlə seçilirik. Elə Gəncə dovğası sözünü deyir.
- “Təşəkkür edirəm” deyəcəyin kim var?
- Var. “Yaxşı ki, varsan, sənə təşəkkür edirəm” deyəcəyim insan var. Mənim qardaşım Nicat. Onun dəstəyi, mənə dayaq olması çox önəmlidir. Biz həm dostuq, həm də qardaş.
- Yaxşı dost kimlərə deyirsən?
- Üzünü çevirəndə ailəni əmanət edə biləcəyim insana. Təbii ki, belə dostlarım var.
P.S. Çəkilişdə göstərdiyi köməyə görə “Erto” mebel şirkətinə təşəkkürümüzü bildiririk.
Nərmin Kazımova
Foto: Müslüm Mikayılov
www.oxu.az
Rəylər