Oxu.Az Azərbaycanın Gənclər və İdman naziri, Bakı-2015 Birinci Avropa Oyunlarının Əməliyyat Komitəsinin icraçı direktoru Azad Rəhimovun Rusiyanın “Kommersant” qəzetində dərc olunmuş “Oyunlar ölkənin həyatını dəyişəcək” sərlövhəli məqaləsini təqdim edir.
“Azərbaycan qədim dövrlərdən beynəlxalq ticarət və mədəniyyət mübadiləsi mərkəzidir və bu gün o, biznes və turizmin cəlb edilməsi üçün daha da mühüm məna kəsb edir.
Mən, Azərbaycan Respublikasının Gənclər və İdman naziri, Bakı-2015 Birinci Avropa Oyunlarının Əməliyyat Komitəsinin icraçı direktoru kimi, Azərbaycanın bu yay tarixdə ilk olan Birinci Avropa Oyunlarını qəbul edəcəyini bildirməyə şadam.
Demək lazımdır ki, artıq uzun illərdir ki, müxtəlif qitələrdə özünəməxsus yarışlar keçirilir, Bakı-2015-in sayəsində Avropa idman dünyasında öz yerini tutacaq. İyunun 12-dən 28-nə qədər, 17 gün ərzində Avropanın 6 mindən artıq idmançısı idmanın 20 növü üzrə yarışacaqlar. Hazırlıq mərhələsi artıq başa çatır. Cəmi 30 ay müddətində beş idman obyekti inşa edilib, yeddisi isə bərpa edilib. Dünya səviyyəsinə uyğun obyektlərə Olimpiya stadionu, Su İdman Növləri Mərkəzi, Stend Atıcılıq Mərkəzi daxildir.
Bütün ölkə Azərbaycan tarixində ən mühüm tədbirə hazırlaşır. Dünya səviyyəli otel və ticarət mərkəzlərinin sayı gözəçarpacaq dərəcədə artıb. Təxminən 16 km uzanan Bakı bulvarında son işlər gedir, Bakıya gətirilən “London taksiləri” Bakı-2015 Avropa Oyunlarının rəmzləri ilə bəzədilib.
Demək lazımdır ki, artıq uzun illərdir ki, Panamerika, Ümumafrika və Asiya oyunları keçirilir, amma Avropada heç vaxt irimiqyaslı yarışlar keçirilməyib. Bakı-2015 Avropa Oyunları sayəsində Avropa idman dünyasında öz yerini tutacaq.
Azərbaycan hökuməti idmanı ölkənin iqtisadi və sosial inkişafının əsas hissəsi hesab edir. Oyunların Bakıda keçirilməsi Azərbaycanın Avropada tutduğu mövqeyə Prezident İlham Əliyevin baxışını əks etdirir və ölkənin sağlam həyat tərzinin təbliği siyasətinin bir hissəsidir.
Bakı-2015 Oyunları zəngin mədəni irsi olan Azərbaycanın özünəməxsusluğunu nümayiş etdirəcək, onlar xüsusi estetik gözəllikləri ilə fərqlənirlər. Bu işdə Azərbaycanın birinci xanımı və Bakı-2015 Avropa Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsinin rəhbəri Mehriban Əliyevanın rolu əvəzedilməzdir. O, oyunlar çərçivəsində müxtəlif mədəni proqramların, o cümlədən də açılış və bağlanış tədbirlərinin təşkilində şəxsən iştirak edir. Uniformaların, medal və rəmzlərin dizaynında onun məxsusi dəst-xətti əks edilib.
Avropa Oyunlarının gənclərdə maraq oyadan könüllülər proqramı tam sürətlə realizə edilir. “Alov Qoruyanlar”a (könüllüləri belə adlandırırlar) Oyunların ruhunu qorumaq kimi mühüm rol ayrılıb. Onların digər işi isə ümumilikdə könüllü fəaliyyətinə marağın oyadılmasıdır.
Azərbaycan insan kapitalına və infrastrukturun inkişafına sərmayə yatıraraq, dünya miqyaslı idman industriyasının uğurlu inkişafını təmin edir. Biz Ümumdünya Şahmat Olimpiadasının, 17 yaşlı gənclər arasında futbol üzrə Avropa çempionatının, eləcə də 2016-cı ildə “Formula 1”in Qran-prisini, 2017-ci ildə İslam Oyunlarının və 2020-ci ildə futbol üzrə Avropa çempionatının matçlarının keçirilməsinə hazırlaşırıq.
Bu Oyunlar ilk olacaq, ona görə də burada çoxsaylı innovasiyalar olacaq. İlk dəfə bu qəbildən olan tədbirlərdə inteqrasiyalı hesablama texnologiyasından istifadə ediləcək, Oyunların nəqliyyat xidmətinin təşkilində və jurnalistlərin idmançılar ilə ünsiyyəti üçün novator yanaşma tətbiq ediləcək. İnnovasiyalar eləcə də idman və kommersiya sahələrinə toxunacaq. Məsələn, məhdud imkanlara malik insanlar arasında qarışıq yarışlar keçiriləcək.
Oyunların rəsmi tərəfdaşlarına öz brendlərini yarış meydanlarında yerləşdirmə imkanı veriləcək. Bu, Oyunların 70-dən çox ölkədə yayımlanmasını deyil, eləcə də “Azərbaycan Hava Yolları”, BP, Coca-Cola, Kapital Bank, Nar, Procter&Gamble, SOCAR və Tissot kimi rəsmi tərəfdaşların dəstəyinin təminatına yardım etdi. Oyunlara hazırlıq zamanı irimiqyaslı idman tədbirlərinin təşkili üçün yüksək ixtisaslı kadrların hazırlanması proqramı təşkil edilib.
Bakı-2015-in keçirilməsinə həm də Azərbaycan iqtisadiyyatının geniş diversifikasiyası üzrə siyasi kontekstdə də baxmaq lazımdır. Bütün proqramların ümumi ideyası təbii resursların satışından əldə edilən vəsaitin texnologiyaların, infrastrukturların və beynəlxalq əmək bazarında rəqabətqabiliyyətli işçi qüvvəsinin inkişafına sərf etməkdir. Son on ildə ölkə iqitsadiyyatına 70 milyard dollar sərmayə yatırılıb. Əsas vurğu yerli istehsalat qüvvələrinin, iş yerlərinin yaradılmasına, regionların inkişafına və ixrac potensialının güclənməsinə edilib.
8 min kilometrdən çox uzunluqda yeni yollar çəkilib, yeni elektrostansiyalar tikilib və elektrik ötürücülərinin modernizasiyası həyata keçirilib. Dörd beynəlxalq aeroport, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı inşa edilib. Trans-Avrasiya yüksəksürətli informasiya magistralı Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyədən Almaniyaya uzanan beynəlxalq fiber-optik xətləri birləşdirəcək. Prezident İlham Əliyevin təşəbbüskarı olduğu bu nəhəng sərmayə layihələri uzun illər ölkənin həyat üslubunu dəyişəcək.
Birinci Avropa Oyunlarının keçirilməsinə yatırılan sərmayə Azərbaycanın 23 illik müstəqillik tarixi ərzində inkişafını nümayiş etdirəcək.
Oyunların keçirilməsi üçün mövcud və ya inşası daha öncə planlaşdırılmış infrasturkturlardan maksimal dərəcədə istifadə etdiyimiz nəzərə alınsa, Bakı-2015-in keçirilməsinə sərf olunan xərc faktiki olaraq minimal oldu. Biz vəsaitdən səmərəli istifadə etmişik, əsas vurğunu milli əmək resurslarının inkişafına etmişik. Bütün bunları nəzərə alaraq biz əminik ki, Bakı-2015 ölkəmizə uzunmüddətli perspektivdə səmərəli olacaq”.