Azərbaycan millisi Avropa Gənclər Paralimpiya Oyunlarında 2 qızıl və 2 bürünc medal qazanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsi məlumat yayıb.
Avropa Gənclər Paralimpiya Oyunlarının ikinci yarış günündə parataekvondoçularımızın hər üçü fəxri kürsüyə yüksəlib.
Bayraqdarımız Sabir Zeynalov (K44, 58 kq) mübarizəyə birbaşa yarımfinal mərhələsindən başlayıb. O, yarımfinalda komanda yoldaşı Ayxan Nuriyevi, finalda isə türkiyəli rəqibini məğlub edərək qızıl medal qazanıb.
Ayxan Nuriyev (K44, 58 kq) isə yarışın bürünc medalına sahib olub.
16 yaşlı parataekvondoçumuz Səmayə Həsənova (K44, 47 kq) da mübarizəyə yarımfinaldan qoşulub. Hər iki mərhələdə - yarımfinal və finalda türkiyəli rəqiblərini məğlub edən Həsənova iştirak etdiyi ilk beynəlxalq turnirdə fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medal qazanıb.
17 yaşlı paracüdoçumuz Ömər Qurbanov (J2, 62 kq) isə 1/4 finalda məğlub olsa da, ardıcıl iki təsəlliverici görüşdə əvvəlcə ispaniyalı, sonra isə moldovalı rəqiblərini məğlub edib. Bürünc medal uğrunda qarşılaşmada isə türkiyəli idmançını üstələyərək bürünc medal əldə edib.