Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycanda futbolçulardan müsahibə götürmək mümkün olmayacaq
Azərbaycan Premyer Liqasını işıqlandıracaq media nümayəndələri üçün yeni təlimatlar qüvvəyə minib.
Oxu.Az həmin təlimatları təqdim edir:
1. Yarışların işıqlandırılması və təbliği üçün media nümayəndələrinin stadiona gəlişinə icazə verilir. Onlar stadiona mütləq şəkildə tibbi maskada gəlməli, hərarət yoxlanışından keçməlidirlər.
2. Media mənsublarına PFL tərəfindən verilən vəsiqə mütləq şəkildə şəxsin üzərində görünən səviyyədə asılmalıdır. Vəsiqənin etibarlılıq müddəti mövsümün son oyununa qədər uzadılır.
3. Qeydiyyatdan keçən hər mətbu orqandan maksimum iki nəfər stadiona gələ bilər və bu, sırf oyunun işıqlandırılması ilə bağlı olmalıdır.
4. Oyunun ilkin protokolu yalnız diktor və şərhçiyə veriləcək. Jurnalistlər ilkin protokolu Peşəkar Futbol Liqasının rəsmi saytından və ya “Facebook” səhifəsindən əldə edə bilərlər.
5. Media sektorunda jurnalistlər sosial məsafəni qorumaq prinsipinə əməl etməlidirlər. Stadionun media sektoruna “sosial məsafəni qoru” bildirişləri meydan sahibi komanda tərəfindən vurulmalıdır.
6. Oyun zamanı media otağı bağlı olacaq. Mətbuat nümayəndələri su ilə meydan sahibi komanda tərəfindən media sektorda təmin olunacaq.
7. Fotoqraflar və media zonada oturan şəxslər tibbi maskada olmalıdırlar.
8. Premyer Liqa və Azərbaycan Kuboku oyunlarının yayım hüququna malik “CBC Sport” telekanalından matçlara akkreditasiyadan keçmiş bütün şəxslər deyil, sadəcə, oyunun yayımına cavabdeh olan texniki və yaradıcı heyət cəlb oluna bilər. Bununla bağlı telekanal rəhbərliyinə əməkdaşlarla maarifləndirici söhbətlər aparması tövsiyə olunur.
9. Oyundan sonra təmasları azaltmaq məqsədi ilə “flash-müsahibə”lər, “mix-zona”lar ləğv olunur.
10. Oyundan sonra mətbuat konfransının təşkili qüvvədə qalır və bu zaman iclas otağında oturacaqların sayı azaldılmalı, sosial məsafə qorunmalıdır. Baş məşqçi, mətbuat katibi və ehtiyac yaranacağı halda tərcüməçi arasında sosial məsafə qorunmalıdır.
Jurnalistlər sosial məsafəni qorumaq və tibbi maskadan istifadə etməklə konfransa qatıla bilər. Mətbuat konfransının gedişində qeyd olunan məqamlara riayət olunmasına konfransda iştirak edən komandanın mətbuat xidmətinin əməkdaşı nəzarət etməlidir.
Rəylər