Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycanın Olimpiya medalçısı İrina Kindzerskaya: “Mən at, maşın deyiləm” - MÜSAHİBƏ + FOTO
Azərbaycanın əslən ukraynalı cüdoçusu, Tokio-2020 Yay Olimpiya Oyunlarında 78 kiloqramdan yuxarı çəki dərəcəsində bürünc medal qazanmış İrina Kindzerskaya Bakıya qısamüddətli səfərini başa vuraraq, geri qayıdıb. Ölkədə olduğu müddətdə 31 yaşlı idmançı Prezident İlham Əliyevin Sərəncamı ilə təltif edilmiş idmançıların mükafatlandırılma mərasimində iştirak edib. Martın 5-də isə o, cüdoçu karyerasını bitirdiyini bəyan edib.
Kindzerskaya “Report”a eksklüziv müsahibəsində qərarının səbəblərini açıqlamaqla yanaşı, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi və üzləşdiyi dəhşətli hadisələrdən də danışıb...
- Bakıya necə gəldiniz: Bu, təxliyədir, yoxsa?..
- Xeyr, Ukraynaya qayıtmalıyam. Çünki atam oradadır. Yaşı elədir ki, ölkəni tərk edə bilmir. Bilirsiniz ki, Ukraynada tam səfərbərlik elan olunub. Yaşı 60-dək olan kişilər ölkədən çıxa bilməzlər. Hazırda atam orada tək qalır. Onu bu vəziyyətdə tək qoya bilmərəm. Odur ki, bu, təxliyə deyil. Gənclər və idman naziri Fərid Qayıbov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenini təqdim etmək üçün bizi Bakıya dəvət etmişdi. Qərara aldıq ki, buraya gələk, tədbirdə və görüşlərdə iştirak edək, sonra geri qayıdaq.
- Özünüz Ukraynadan necə çıxdınız?
- Maşınla Polşaya getdik, gecəni orada qaldıqdan sonra səhər tezdən Türkiyəyə yollandım. İstanbulda haradasa 10 saat gözlədim. Daha sonra isə Bakıya uçdum. Bu gün isə Ukraynada olacağam.
- Hazırda Ukraynanın hansı şəhərində yaşayırsınız?
- Ailəmin hansı şəhərdə olduğunu dəqiq deməyəcəyəm. Rusiya hərbçilərinin yerimizi tapıb vura bilməməsi üçün bizə bu barədə danışmaq qadağan olunub. Sadəcə, ümumi deyə bilərəm ki, qaldığımız yer Ukraynanın qərbində yerləşir.
- Yazmışdınız ki, mənziliniz raket hücumu nəticəsində dağılıb. Oranın hazırkı vəziyyətindən məlumatlısınız?
- Müharibə başlayanda Kiyev vilayəti yaxınlığındakı İrpen şəhərində yaşayırdıq. Bilirsiniz ki, hərbi əməliyyatlar əsasən Qostomeldə gedirdi. Orada hər yer dağıdılıb. Müharibənin yeddinci günündə həyat yoldaşımla birlikdə şəhərdən çıxdıq. Təxminən səhər saat 10-da mənə yazdılar ki, evinizin yaxınlığına, pəncərənin altına mərmi düşüb. Hazırda evin pəncərələri yoxdur. Növbəti gündə isə dedilər ki, həmin əraziyə tank və ZTR-lər gələrək, atəş açıb. Təəssüf ki, foto təqdim edə bilmirəm. Çünki heç kim belə anlarda şəkil çəkmir. Amma evimizin tank və ya zirehli transportyor vasitəsilə atəşə tutulduğunu bilirəm. Ümumiyyətlə, artıq İrpendə insanların heç nəyi qalmayıb. Şəhər od içindədir. Qaz, su, işıq yoxdur. Hazırda orada yaşamaq mümkün deyil.
- Sizcə, düşməniniz niyə belə edir? Axı müharibədə mülki əhaliyə və obyektlərə atəş açmaq olmaz...
- Onlar 24 saata Ukraynanı işğal edəcəklərini, bununla da dünyaya qələbə qazandıqlarını və məğlubedilməz olduqlarını göstərəcəklərini düşünürdülər. Görünən odur ki, bacarmadılar. Bundan sonra ətrafdakı hər şeyi – evləri, insanları, hamilə qadınları, uşaqları məhv etməyə, qız-qadınları zorlamağa başladılar.
- Hətta qadınları zorladıqlarını bildirdiniz...
- Bəli. Belə hallar da olub. Qadınları zorladıqdan sonra asırlar. Müharibənin birinci və ya ikinci günündə uşaq bağçasını vurdular, orada uşaqlar həlak oldular. Həmin uşaqları təxliyə etməyə belə, imkan vermədilər. Onların çoxu tibbi yardım göstərilmədiyi üçün həlak oldu.
- Həyat yoldaşınız Ukrayna, yoxsa Azərbaycan vətəndaşıdır?
- O, Azərbaycan vətəndaşı olsa da, Ukraynada daimi yaşamaq üçün icazəsi var. Bu sənədlə Polşaya keçə bilər. Amma Bakıya gəldikdən sonra Ukraynaya qayıda bilməz. Çünki Şengen vizası yoxdur.
- Onu orduya çağırmayıblar?
- Həyat yoldaşım hərbi xidmətini Azərbaycanda çəkib, Ukrayna pasportu yoxdur. Çünki bununla bağlı sənəd verməyib. Onu orduya çağıra bilməzlər. İstəsə, yalnız könüllü kimi döyüşlərdə iştirak edə bilər.
- Bayaq bildirdiniz ki, atanız Ukraynadadır. Bəs ananız haradadır?
- Anam hazırda İtaliyada, bacımın yanındadır. Bacım orada daimi yaşayır. Anam isə sadəcə işləmək üçün gedib-gəlir. Hazırda işlədiyi üçün orada qalır.
- Sizə Bakıda mükafat təqdim olundu. Bəs niyə mənzil ala bilməmisiniz?
- Bilirsiniz, Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi dəyişib. Əvvəlki rəhbərliklə danışığımız keçmişdə qaldı. Amma federasiya mənə heç nə söz verməmişdi. Sadəcə, nəsə etməyə çalışırdılar. Görürsünüz, ev almayan tək mən deyiləm. Digər legionerlər, İrina Zaretskaya, Alfonso Dominqesə də mənzil verilməyib. Alfonso ilə danışdım. Həyat yoldaşı hamilədir. O da narahatdır, çünki öz ailəsini düşünür. Bu sual idmançılara verilməli deyil. Biz özümüzdən tələb olunanı etmişik.
- Deyilənə görə, məhz bu amil səbəbindən karyeranızı bitirmək istəyirsiniz.
- Ömrümün 20 ilini idmana həsr etmişəm. Pul yığıb Ukraynada ev almışam, onu təmir etdirmişəm. Və bir gündə həmin ev dağıdılır. Artıq heç nəyim yoxdur. Azərbaycan, federasiya, gənclər və idman naziri mənə dəstək olurlar. Onlar karyeramı bitirməyimi, idmandan getməyimi istəmirlər. Hətta belə bir plan var ki, karyeramı bitirsəm, məşqçi kimi işləyim və qadın cüdosunu inkişaf etdirim.
Azərbaycana gələndə bu dəstəyi hiss edirsən. Ukraynada olanda isə düşünürsən ki, heç kimə lazım deyilsən. Federasiya prezidenti Rəşad Nəbiyev ilə görüşdüm. Mənə dəstək verdi, karyeramı davam etdirib-etdirməyəcəyimdən asılı olmayaraq, hər cür köməkliyi göstərməyə hazır olduğunu dedi. Bilirsiniz, bu mənim üçün nə deməkdir? Hazırda 15 yaşım yoxdur, artıq 31 yaşım var. Öz gələcəyimi, ailəmi düşünməliyəm. Bu cür dəstəyə görə minnətdaram. Beş ilimi Azərbaycana vermişəm. Bilirsiniz ki, bu müddətdə bütün medalları qazanmaq üçün əlimdən gələni etmişəm. Çoxlarının inanmadığı vaxtlarda Azərbaycanda qadın cüdosunun inkişaf edəcəyini düşünmüşəm. Burada yaxşı qadın cüdoçular var. Həyatımda baş verən hadisələrə görə sağlam qərar verə bilmirəm. Ona görə də mənə vaxt lazımdır.
Hazırda özümü idmançı kimi görmürəm. Məşqçim mühasirəyə alınmış Kiyevdədir. Məşqlər, sınaqçı rəqiblər yoxdur. Məşqçim məni məndən daha yaxşı tanıyır, necə hazırlıq keçməli olduğumu bilir. Federasiya rəhbərliyi ilə görüşmədən bu müsahibəni verməyim onlara və özümə münasibətdə yaxşı olmazdı. Onlar yaxşı insanlardır. Əvvəlki federasiya rəsmiləri barədə də pis fikirdə deyiləm. Keçmiş vitse-prezident Sadıq Sadıqov mənə çox kömək edib. Amma belə alındı, mənə ev vermədilər. Buna görə də qarşımda bir məsələ dururdu. Bizim hər şeyimiz dağıldıqdan sonra getməyə heç yerim yox idi. Anladım ki, Azərbaycanda qalmağa yerim olsaydı, buraya gələr və yeni həyata başlayardım. Lakin mənə ev vermədilər, heç nəsiz qaldım. Təsəvvür edin ki, eviniz yoxdur. Bu halda nə etmək olar? Hər şeyi sıfırdan başlamaq lazımdır.
- Hələ müharibə başlamamışdan da siz Ukraynada idiniz və Bakıya gəlmirdiniz...
- Azərbaycanda sınaqçı rəqiblərim yox idi. Biz məşq edirdik ki, medal qazanaq. Öz məşq prosesimdə heç nəyi dəyişməmişdim. Hər bir məqam nəticəmə təsir göstərə bilərdi.
- Amma Olimpiadadan sonra heç bir yarışda iştirak etmədiniz. Hətta 5-7 may 2021-ci ildə Bakıda keçirilmiş "Böyük Dəbilqə"də də.
- Ona görə ki, Olimpiadadan sonra istirahət edir, bərpa olunurdum. Dizlərimdə problemlər var idi. Mən at, maşın deyiləm ki, Olimpiadadan dərhal sonra yarışlarda iştirak edim. Axı mənə də istirahət lazım idi.
- ACF-in yeni rəhbərliyindən sizi soruşanda Ukraynada olduğunuzu desələr də, Azərbaycana qayıtmamağınızın səbəbini açıqlamaq istəmədilər. Lakin sonradan özünüz müsahibənizdə bildirdiniz ki, sizə vəd olunan mənzil verilməyib.
- Məni tanıyanlar bilirlər ki, heç vaxt yalan danışmıram, sizə də səmimi deyirəm: Olimpiadadan sonra iki ayadək Bakıda qaldım və məşq etmədim, Prezident İlham Əliyevlə görüşü gözlədik. Noyabrda isə Bakıda "Böyük Dəbilqə" keçirildi. Olimpiya “bürünc”ünü qazandıqdan sonra Azərbaycanda təşkil olunan yarışda uduzmağa daxili hisslərim də imkan verməzdi.
- Karyeranızı bitirdiyinizi açıqladıqdan sonra ACF rəhbərliyi qərarınızı emosional adlandırdı. Bu, həqiqətənmi belə idi?
- Xeyr, emosional qərar deyildi. Mənzillərin digər insanlara verildiyini gördüm və özümü lazımsız insan kimi hiss etdim. Nə Ukraynada, nə də burada qalmağa evim var. Təbii ki, karyeramı başa vurduğumu açıqladım. Başa düşdüm ki, gələcək üçün inkişaf etməyim, nə iləsə məşğul olmağım, necə pul qazanmaq və necə yaşamaq barədə düşünməyim lazımdır. Federasiyanın hazırkı prezidenti ilə görüşümdə dedim ki, ola bilər, gələcəkdə cüdo üçün darıxım, fikrimi dəyişim, amma məhz hazırkı durumda – qarşıdakı bir neçə ayda, ola bilsin, yarım ildə özümü idmanda görmürəm. Çünki həyatımda o qədər dəhşətli şeylərin şahidi olmuşam ki, emosional cəhətdən boşalmışam. Hətta məşqlərə başlamağa belə, gücüm yoxdur.
- Qərarınız həm də ona görə gözlənilməz oldu ki, yenicə soyadınızı dəyişərək, Əliyeva olmuşdunuz. Federasiyanın əvvəlki rəhbərliyi bundan sonra Azərbaycan soyadı ilə mübarizə aparacağınızı açıqlamışdı.
- Mən çoxdan Azərbaycan soyadındayam. 2017-ci ildə azərbaycanlı Həmid Əliyevə ərə getdikdən sonra Ukraynada bütün sənədlərimi dəyişərək, İrina Əliyeva olmuşdum. Lakin idmanda hamı məni Kindzerskaya kimi tanıdığından, eləcə də öz inanclarımdan, yarışlara elə əvvəlki soyadımla çıxırdım. Olimpiadada medal qazanaraq, hədəfimə çatdıqdan sonra idmanda yeni səhifəmə Əliyeva kimi başlamağımın mümkünlüyünə qərar verdim. Dediyim kimi, Ukraynada bütün sənədlərimdə dəyişiklik baş vermişdi. Yalnız xarici pasportumda soyadım Kindzerskaya yazılmışdı.
- Rusiya-Ukrayna müharibəsi dövründə Bakıda oldunuz. Ukraynada və burada gördüklərinizə əsasən, azərbaycanlıların maddi və mənəvi dəstəyini necə dəyərləndirirsiniz?
- Bakıda hər yerdə – taksidə, marketdə Ukraynadan olduğumu bildikdə hər bir azərbaycanlı mənə başsağlığı verir, Ukraynanı dəstəklədiyini bildirirdi. Göstərdiyi köməyə görə Azərbaycana olduqca minnətdaram. Başqa ölkəni, daha dəqiqi, Rusiyanı dəstəkləsəydi, yəqin ki, ürəyim parçalanar, daxilimlə mübarizə apara bilməzdim. Çünki Azərbaycan və Ukraynanı eyni dərəcədə sevirəm. Ukraynada böyümüşəm, azərbaycanlı ailəsindəyəm. Ola bilsin, hansısa siyasi məqamlar var. Amma Azərbaycan Ukraynaya əlindən gələn dəstəyi verir. Bu da bizim üçün çox nümunəvi və vacibdir.
- Cüdoçu karyeranızı davam etdirəcəksiniz, yoxsa?..
- Xeyr, karyeramı bərpa etməyimdən söhbət getmədi. İdmançı kimi qalıb-qalmayacağımdan asılı olmayaraq, gənclər və idman naziri də, federasiya prezidenti də məni dəstəklədilər. Burada olduğum vaxt onlar mənə, idmançı kimi qalsam da, yaxud sadəcə burada olsam da, kömək edəcəklər. Heç kim mənzil vəd etməsə də, mənə dəstək olacaqlarına söz verdilər. Sadəcə, bu qərarı özbaşına verə bilmərəm. Ukraynada atam qalıb, həyat yoldaşım var. Ərimlə məsləhətləşməli, onun fikrini öyrənməliyəm. Qərarı ailəlikcə qəbul etməliyik. Yalnız mənim qərarım olmamalıdır.
- Yəni hazırda karyera barədə qərar vermək üçün düzgün vaxt deyil?
- Mən indi idman haqqında düşünmürəm. Bu, mənim üçün digər plandadır. Hər gün öz doğmalarım – atam, bibim, yalnız əsa ilə yeriyə bilən nənəmə görə narahat oluram. Körpə uşaqları ilə Ukraynadan çıxa bilməyən, üç gündür əlaqə saxlaya bilmədiyim rəfiqələrimə görə həyəcan keçirirəm. Hətta sağ olub-olmadıqlarını da bilmirəm. O qədər problemim var ki, hazırda idman mənim üçün vacib deyil. Mənim üçün sülh, ailəm və yaxınlarım əsas prioritetdir.
Yenə deyirəm, federasiya prezidenti, gənclər və idman naziri mənə dəstək olurlar. Onlar haqqında pis heç nə deyə bilmərəm. Ukraynada olanda elə bilirdim ki, heç kimə lazım deyiləm. Amma burada olanda, xeyli sayda insanın məni dəstəklədiyini gördükdə fikrimi dəyişdim. Lakin hazırda karyeram barədə heç bir söz söyləyə bilmərəm. Çox sağ olun ki, Ukraynaya dəstək olur, bizimlə birgə həyəcan keçirirsiniz.
"Cüdo" teqi üzrə xəbərlər
- Cüdo üzrə Azərbaycan çempionatının komanda yarışlarına yekun vurulub
- Azərbaycan cüdoçusu klublararası Avropa çempionatında iştirak edəcək
- Azərbaycan cüdoçusu Avropa çempionatında bürünc medal qazanıb
- Türkiyə millisinin sabiq azərbaycanlı baş məşqçisi nəyə görə məhkəməlik olub? - SƏBƏB
- Kəndlərdən olimpiya çempionları "çıxaranlar": "Qolumu itirdiyimi gördükdə məni idmana dəvət etdi"
Rəylər