1/16 final mərhələsində slovakiyalı Edin Seydinoviçi mübarizədən kənarlaşdıran Lorenzo Sotomayor bu dəfə moldovalı Dmitri Qalaqotu sınağa çəkib.
Oxu.Az apasport-a istinadən xəbər verir ki, Kuba əsilli boksçumuzla Avropa çempionatının mükafatçısının duelindən təmsilçimiz qalib ayrılıb.
Lorenzo rəqibinin 1 raundda belə sevinməsinə imkan verməyərək, 3:0 (30:27; 30:27; 30:27) hesablı qələbə sayəsində 1/4 finalda iştirak hüququ qazanıb.
Boksçumuz növbəti mərhələdə Daniel Nikulesku (Rumıniya) ilə döyüşəcək. Görüş iyunun 23-də saat 20:15-də başlayacaq.
75 kq çəkidə Azərbaycanı təmsil edəcək Xaybula Musalov ilk qarşılaşmasını fransız Kristian Haller-Assomo Mbilliyə qarşı keçirib.
1/16 finalda moldovalı Avropa üçüncüsü Viktor Çarapçevşiyə qalib gələn 20 yaşlı idmançı ilə döyüş boksçumuzun inamlı qələbəsi ilə yekunlaşıb – 3:0 (29:28; 29:28; 29:28).
Musalov 1/4 finalda Vitali Bandarenka ilə qarşılaşacaq. 1/8 finalda israilli Artyom Maslıyı mübarizədən kənarlaşdıran (3:0) rəqiblə döyüş iyunun 24-də saat 13:30-da start götürəcək.
16:49
Azərbaycan millisinin daha bir bokçusu 1/4 finala vəsiqə qazanıb.
Oxu.Az-ın Apasport.az-a istinadən məlumatına görə, Azərbaycan boksçusu Abdulqadir Abdullayev ilk cəhdində macarıstanlı Adam Hamori ilə gücünü yoxlayıb.
Təmsilçimiz 1/16 finalda slovakiyalı Erik Tlkaneçi mübarizədən kənarlaşdıran rəqibi asanlıqla mübarizədən kənarlaşdırıb. O, hər 3 raunda Hamoridən güclü olub - 3:0 (30:25; 30:27; 20:25).
A. Abdullayev 1/4 finalda Raul Omba Bionqolo (Fransa) ilə üz-üzə gələcək. Görüş iyunun 23-də saat 21:30-da olacaq.
15:22
"Bakı-2015" I Avropa Oyunlarının boks yarışlarında Azərbaycanı təmsil edən Pərviz Bağırov (69 kq) 1/4 finala yüksəlib.
Oxu.Az-ın Apasport.az-a istinadən məlumatına görə, mübarizəyə bu gündən qoşulan Pərviz Bağırov 1/8 finalda əvvəlki döyüşündə Anas Messaudini məğlub edən moldovalı Vasili Belusla qarşılaşıb.
21 yaşlı boksçumuz debütdəcə yarışa yaxşı hazırlaşdığını nümayiş etdirib. Avropa çempionumuz "London-2012"nin iştirakçısı olmuş rəqibinə çətin anlar yaşadaraq, hər 3 raundu xeyrinə bitirib – 3:0 (30:27; 20:27; 30:27).
P. Bağırov 1/4 finalda Abass Baraou (Almaniya) ilə döyüşəcək. Görüş iyunun 23-də saat 21:15-də baş tutacaq.
14:30
Birinci Avropa Oyunlarında Azərbaycanı boks yarışları davam edir.
Oxu.Az-ın məlumatına görə, qadınlar arasında yüngül çəki (57-60 kq) dərəcəsində təmsil edən Yana Alekseyeva bu gün ilk rinqinə çıxıb.
Boksçumuz 1/8 finalda Finlandiya idmançısı Mira Potkonenlə qarşılaşıb.
Gərgin keçən döyüşdə Y.Alekseyeva 3:0 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, Azərbaycan millisinin boksçularından Tayfur Əliyev (56 kq), Teymur Məmmədov (81 kq), Məhəmmədrəsul Məcidov, (+91 kq), Elvin Məmişzadə (52 kq) və Albert Səlimov (60 kq) artıq adını 1/4 finala yazdırıb. Həmçinin, Salman Əlizadə (49 kq), Anna Əlimərdanova (54 kq) və Yelena Vıstropova (64 kq) da yarışa bu mərhələdən başlayacaq.