Azərbaycan Respublikası gənclər və idman naziri Azad Rəhimov və Beynəlxalq Kiber İdman Federasiyanın (IeSF) baş katibi VonSuk O (WonSuc Oh) arasında kompyuter oyunları üzrə altıncı dünya çempionatının Bakıda keçirilməsinə dair Memorandum imzalanmışdır.
Oxu.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, imzalanma mərasimində Azərbaycan Kiber İdman Federasiyasının prezidenti Ramil Əliyev də iştirak etmişdir.
Memoranduma əsasən, “6th e-sports world championship Baku 2014” (kompyuter oyunları üzrə altıncı dünya çempionatı) noyabrın 12-dən 17-dək Bakıda “Crystal Hall”da keçiriləcəkdir.
Bundan əlavə, oyun nizamnaməsinin rəsmi qaydalarına uyğun olaraq IeSF-in Təşkilat Komitəsi yarışların kişilər və qadınlar arasında iki növ üzrə keçirilməsini təmin edir. Çempionata ev sahibliyi edən ölkənin isə əlavə 3-4 növə namizədliyini irəli sürmək hüququ vardır. Yekun nəticədə IeSF yarışların kişilər arasında dota 2 (valve), starcraft Ii: heart of swarm (blizzard)”, qadınlar arasında isə starcraft Ii: heart of swarm (blizzard), tekken tag tournament 2 (namco bandai) növləri üzrə keçiriləcəyini müəyyənləşdirmişdir:
Hazırda çempionatın proqramına street fighter series, hearth stone, pro evolution soccer və başqa əlavə növlərin daxil edilməsinin mümkünlüyü, həmçinin təşkilatı və lisenziya ilə bağlı digər məsələlər nəzərdən keçirilir.