Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan idmançılarının III MDB Oyunlarındakı çıxışından məmnun qaldığını bildirib.
Oxu.Az xəbər verir ki, nazir bu fikirləri "Baku TV"nin "İDMANDA QAL" adlı yeni televiziya layihəsinə açıqlamasında səsləndirib.
"Əlbəttə, bu yarışda çıxış etmək idmançılarımız üçün böyük təcrübədir. Onlar bu təcrübənin faydasını gələcək turnirlərdə görəcəklər. Əldə olunan nəticələr əvvəlki iki MDB Oyunlarındakı göstəricilərimizdən daha yaxşıdır. Bu münasibətlə idmançılarımızı təbrik edir, onlara növbəti yarışlarda da uğurlar arzulayıram", - deyə Fərid Qayıbov qeyd edib.
Qeyd edək ki, Azərbaycan millisi III MDB Oyunlarında ümumilikdə 184 medal (33 qızıl, 56 gümüş və 95 bürünc) qazanaraq ümumi sıralamada ikinci yeri tutub.
Ətraflı süjetdə:
Baku TV "İDMANDA QAL" adlı yeni televiziya layihəsinin yayımına start verir.
"İDMANDA QAL" verilişində müxtəlif idman növləri üzrə aktual mövzular, yarışlar, idman siyasəti, eləcə də fərqlənən gənc idmançılarla eksklüziv müsahibələr təqdim olunacaq. Tamaşaçılar yerli və beynəlxalq turnirlər, federasiyaların fəaliyyəti və idman infrastrukturunun inkişafı ilə bağlı ən son yenilikləri bu proqram vasitəsilə izləyə biləcəklər.
Layihənin ilk buraxılışının qonağı gənclər və idman naziri Fərid Qayıbov olub. Nazir verilişdə ölkəmizdə idman siyasətinin əsas prioritetlərindən, gənclər arasında idmana marağın artırılması istiqamətində görülən işlərdən və qarşıdakı planlardan danışıb. Eyni zamanda, idmançılar üçün yaradılan şərait, beynəlxalq arenadakı uğurlar və yeni nəsil gənclərin bu sahəyə cəlb edilməsi mövzularına toxunulub.
"İDMANDA QAL" layihəsinin məqsədi peşəkar və kütləvi idmanın inkişafının, həmçinin sağlam həyat tərzinin və gənclərin sosial fəallığının təbliğ edilməsi, milli idmançılarımızın uğurlarının geniş ictimaiyyətə çatdırılmasınadir. Veriliş idman ictimaiyyətini bir araya gətirməklə yanaşı, gənc nəslin bu sahəyə marağını artırmaq və yeni istedadların üzə çıxmasına dəstək olmaq missiyasını da daşıyır.
Müxtəlif maarifləndirici və ictimai əhəmiyyətli layihələri ilə seçilən Baku TV bu gün ölkənin ən çox izlənilən kanallarından biridir. Hazırda televiziyanın gündəlik, həftəlik və aylıq yayımlanan müxtəlif janrlarda 20-dən çox verilişi var.
Ətraflı Baku TV-nin süjetində: