Mərhum Əməkdar artist Cabir İmanovun qardaşı, Əməkdar artist, KVN teatrının bədii rəhbəri Tahir İmanov sosial şəbəkə hesabında daha bir paylaşım edib.
Oxu.Az xəbər verir ki, o, qardaşının ölümündən sonra sosial şəbəkələrdə aktyorun dini mənsubiyyəti ilə bağlı yayılan iddialara münasibət bildirib:
"Birincisi, bu kimi mövzuları qabardan insanlar birliyə böyük zərbə vururlar. İkincisi, dinə mənsubiyyət hər bir insanın şəxsi işidir. Üçüncüsü və ən vacibi isə budur ki, bu, böyük günahdır. Çünki siz ölünün dalınca qeybət edirsiniz".
Aktyor, həmçinin cənazə mərasimində jurnalistlərə qoyulan çəkiliş qadağası ilə bağlı yayılan fikirlərə də aydınlıq gətirib:
"Dedim ki, mən və ailəm halallıq vermirik. Bu məsələni şişirtdiniz. Qəbiristanlığa gedəndə dedim ki, təkcə kişilər gedirlər. Xahiş etdim sizdən, əmr etməyə haqqım yoxdur. Bu, bizim adətimizdir. Gəlib gördüm ki, yalandan başlarını bağlayan jurnalist xanımlar hansısa yüksəklikdə durub qəbri çəkirlər. Bu nə adətdir? Babalarınızın, nənələrinizin dəfni vaxtı video çəkilib? Ayıb deyil? Yası reytinqə çevirirsiniz".
Xatırladaq ki, Tahir İmanov ötən gün sosial şəbəkə hesabında paylaşım edərək göstərilən dəstəyə görə təşəkkürünü bildirmişdi.