Fil Dişi Sahili millisinin futbolçusu Yaya Ture özünə yeni komanda tapıb.
Oxu.Az xəbər verir ki, 35 yaşlı mərkəz yarımmüdafiəçisi 2005/2006 mövsümündə çıxış etdiyi Yunanıstanın “Olimpiakos” klubuna qayıdıb.
Onun köhnə-yeni klubu ilə neçə illik müqavilə bağladığı açıqlanmayıb. Ture isə bildirib ki, komandadan ayrılanda nə vaxtsa buraya qayıdacağını bilirmiş. O qeyd edib ki, Avropa, Asiya, ABŞ klublarının təklifindən Yunanıstan təmsilçisinə görə imtina edib.
Qeyd edək ki, Yaya Ture Donetsk “Metallurq”undakı çıxışı ilə Avropa nəhənglərinin diqqətini çəkə bilib. O, “Olimpiakos”dan sonra “Barselona” və “Mançester Siti” kimi klublarda çıxış edib. Bir dəfə Yunanıstan, iki dəfə İspaniya və üç dəfə İngiltərə çempionluğu qazanıb. Ture son iki klubundan baş məşqçi Pep Quardiolaya görə ayrılıb.
Səbuhi MUSAYEV
www.oxu.az