"Qalatasaray"ın rusiyalı yarımmüdafiəçisi Aleksey Batrakov Türkiyə klubuna transferinin baş tutması üçün bəzi bonus ödənişlərindən imtina edib.
Oxu.Az xəbər verir ki, bu barədə 21 yaşlı futbolçunun agenti Vladimir Kuzmiçev "Eto futbol, brat!" (Это футбол, брат!) adlı "YouTube" kanalına müsahibəsində danışıb.
Agentin sözlərinə görə, bu addım Batrakovun şəxsi təşəbbüsü olub və keçid prosesinin daha rahat başa çatmasına kömək edib:
"Bu, ümumiyyətlə, futbolçunun öz xoş niyyəti idi ki, bütün proses daha rahat keçsin. Klub da onun istəyinə müsbət yanaşdı. Əsas məsələ Alekseyin müəyyən ödənişlərdən imtina etməsi idi".
Qeyd edək ki, Aleksey Batrakov 2026-cı ilin yayında Moskva "Lokomotiv"indən "Qalatasaray"a keçib. İstanbul təmsilçisi 21 yaşlı futbolçu ilə 2031-ci ilin yayına qədər müqavilə imzalayıb. Transferin məbləği 25 milyon avro olub.