Futbol üzrə Belçika yığmasının müdafiəçisi Zeno Debast dünya çempionatının (DÇ-2026) 1/4 finalı çərçivəsində İspaniyaya qarşı keçiriləcək matçda iştirak etməyəcək.
Oxu.Az xəbər verir ki, bu barədə Belçika Futbol Assosiasiyası rəsmi məlumat yayıb.
Buna səbəb kimi futbolçunun çıxış etdiyi "Sportinq" klubunun onun fiziki durumunun meydana çıxmağa imkan vermədiyini düşünməsi göstərilir.
"Zeno Debast 1/4 finalda oynaya bilməyəcək. Onun klubu olan "Sportinq" oyunçuya səhhəti ilə əlaqədar matçlara hazır olmadığını bildirib. Bu qərar Belçika yığmasının tibbi heyətinin, eləcə də FIFA-nın tibb və sığorta qurumlarının rəyi ilə üst-üstə düşmür", - deyə assosiasiyadan bildirilib.
Qeyd olunur ki, futbolçu hazırda nəzarət altında fərdi şəkildə məşqlər edir.
Debast "Sportinq"in heyətində olarkən ayağından aldığı zədəyə görə DÇ-2026-nın heç bir oyununda meydana çıxmayıb. O, iyunun sonuna qədər yığmada komanda yoldaşları ilə birlikdə ümumi məşqlərə də qatılmayıb.
Xatırladaq ki, İspaniya - Belçika oyunu bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.