Səkkiz il müddətinə futboldan uzaqlaşdırılan FİFA prezidenti Yozef Blatter futbol fəaliyyətini bitirdiyini bəyan edib.
O, 2015-ci ilin mayında Sürixdə məmurların həbs edildiyi zaman FİFA-ya olan inamını itirdiyini bildirib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, İsveçrənin Federal Ədliyyə Bürosu Blatterə qarşı 2015-ci ilin sentyabr ayının 25-də iş açıb.
O, UEFA-nın rəhbəri Mişel Platiniyə 2011-ci ildə iki milyon İsveçrə frankını qanunsuz köçürməkdə ittiham edilir. Oktyabrın əvvəlində FİFA-nın Etika üzrə Komitəsi onu 90 gün müddətinə vəzifəsindən kənarlaşdırıb.
FİFA-nın Etika üzrə Komitəsinin arbitraj palatası noyabrın 23-də Blatter və Platiniyə qarşı iş qaldırıb, dekabrın 21-də isə onları vəzifələrindən səkkiz il müddətinə kənarlaşdırıb.
Blatter “The Wall Street Journal” qəzetinə müsahibəsində deyib:
“Mən futbolda fəaliyyətini yekunlaşdırdım. Mən təşkilatımıza olan inamımı 27 mayda, ABŞ hüquq-mühafizə orqanları fəaliyyətimizə müdaxilə etdiyi vaxt itirdim.
Blatterlə eyni cəzanı alan UEFA prezidenti Mişel Platini də 8 il müddətinə futboldan uzaqlaşdırılması barədə FİFA-nın İntizam Komitəsinin qərarını şərh edib:
“FİFA-nın İntizam Komitəsi 2011-ci ilə kimi nə işlə məşğul olub? Yatırdı? Mənim FİFA prezidentliyinə namizəd olduğum vaxt ayıldılar? Bütün bunlar çox qəribədir. Mən mübarizəyə davam edəcəyəm. İstənilən halda, mənim reputasiyam ləkələnib. Mənim yolumu kəsib, Blatterlə eyni qaba qoydular”.
Qeyd edək ki, FİFA-nın İntizam Komitəsi bir neçə gün əvvəl Y.Blatter və UEFA rəhbəri Mişel Platininin 8 illiyə futboldan uzaqlaşdırıldığını elan edib.
Hər iki şəxs günahkar olduğunu inkar edir və FİFA-nın müvafiq komitəsinə, ardınca isə İdman arbitraj Məhkəməsinə apellyasiya şikayəti verməyə hazırlaşır.