Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyeva, Gənclər və İdman naziri Azad Rəhimov, Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rövnəq Abdullayev iştirak edib.
125 ölkənin iştirakı ilə keçirilən mötəbər yarışda öncə komandaların tanıdıcı çarxı nümayiş olunub. Daha sonra Beynəlxalq Cüdo Federasiyasinin (BCF) prezidenti Marius Vizer və ACF prezidenti Rövnəq Abdullayev çıxış edib. Rövnəq Abdullayev cüdoçuları və iştirakçıları salamlayaraq idmançılara uğurlar arzulayıb:
“Prezident İlham Əliyevin idmana verdiyi dəstək nəticəsində idman sahəsi günü-gündən daha da inkişaf edir. Azərbaycan beynəlxalq qurumların etimadını qazanıb və bir çox idman oyunlarına ev sahibliyi edib. Buna 2015-ci ildə keçirilmiş I Avropa oyunları, 2017-ci ildəki IV İslam Oyunları və digər yarışları misal göstərmək olar. Bu gün də cüdo üzrə dünya çempionatına ev sahibliyi edirik.
Artıq deyə bilərik ki, cüdo Azərbaycanda populyar idman növlərindən biridir və Azərbaycanın bütün bölgələrində bu idman növündə idmançılar yetişir. Dünya çempionatının Azərbaycanda keçirilməsi cüdosevərlər üçün əsl bayramdır. İnanıram ki, yarış iştirakçıları da Azərbaycandan xoş təəssüratlarla ayrılacaq”.
Marius Vizer cüdo ailəsi və BCF adından Azərbaycanda belə mötəbər yarışı yüksək səviyyədə keçirdiyi üçün hər kəsə təşəkkür bildirib.
“Azərbaycan bir çox Avropa və dünya yarışlarını keçirərək dünyada güclü və yaxşı idman oyunları keçirən ölkə kimi tanınıb. Ümid edirəm ki, bu yarışdan hər kəs xoş təəssüratlarla ayrılacaq. Bakıdan həzz alacaqsınız”.
Daha sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cüdo üzrə dünya çempionatını açıq elan edib.
Azərbaycan Respublikasının dövlət himni və BCF-in himni səsləndirilib. Daha sonra dünya şöhrətli Al Bano cüdo həvəskarlarını səsləndirdiyi musiqilər ilə əyləndirib.
11:06
Bu gün Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçiriləcək.
Oxu.Az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunacaq tədbir saat 14:00-da start götürəcək.
Açılışda Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev, dövlət rəsmiləri, müxtəlif idman növləri üzrə beynəlxalq assosiasiyaların nümayəndələri, cüdo üzrə milli federasiyaların başçıları və digər şəxslər iştirak edəcəklər.
Açılış mərasimi rəsmi və bədii hissədən ibarət olacaq. Bədii hissənin əvvəlində qrafik video elementlərdən ibarət videoçarx təqdim olunacaq. Sonra Azərbaycan incəsənət xadimlərinin eksklüziv olaraq tədbir üçün hazırlanmış çıxışları baş tutacaq. Ardınca dünya şöhrətli italiyalı müğənni Al Bano konsert proqramı ilə çıxış edəcək.
İkinci yarış günündə qadınların fərdi mübarizəsində 52 kq, kişilərdə isə 66 kq çəki dərəcələri üzrə qaliblər müəyyənləşəcək. Azərbaycan millisini bu çəkilərdə müvafiq olaraq, Buyankişiq Purevsuren və Nicat Şıxəlizadə təmsil edəcəklər.
Hər iki idmançı mübarizəyə 1/32 final mərhələsindən başlayacaq.
Qadınlar
52 kq
1/32 final. Buyankişiq Purevsuren - Çelsi Gilz (Böyük Britaniya)
Kişilər
66 kq
1/32 final. Nicat Şıxəlizadə - Məhəmməd Abdelmavqud (Misir) / Brayan Çiminya (Zimbabve)
Qeyd edək ki, ilk yarış günündə Azərbaycan təmsilçilərindən 60 kq çəki dərəcəsindəki Kəramət Hüseynov 5-ci yeri tutub. Eyni çəkidəki Orxan Səfərov və 48 kq çəkidə yer alan Aişə Qurbanlı isə 1/8 finalda uduzub.
Oxu.Az yeniləndi!