"Turan Tovuz" klubu Misli Premyer Liqası çərçivəsində XIV turun təxirə salınmış matçında qələbə sevinci yaşayıb.
Oxu.Az-ın məlumatına görə, Kurban Berdıyevin rəhbərlik etdiyi komanda səfər matçında "Qəbələ"nin qonağı olub.
Qəbələ şəhər stadionunda baş tutan oyun qonaq komandanın 3:0 hesablı inamlı qələbəsi ilə başa çatıb.
Tovuz klubunun heyətində 9-cu dəqiqədə Alexandro Serrano, 18-ci dəqiqədə isə Filip Ozobiç fərqlənib, 47-ci dəqiqədə isə Seydina Keyta öz qapısına qol vurub.
Bu qələbə sayəsində xal ehtiyatını 40-a yüksəldən "Turan Tovuz" turnir cədvəlinin üçüncü pilləsindəki yerini daha da möhkəmlədib. "Qəbələ" isə 15 xalla 10-cu yerdə qərarlaşıb.
Bu gün Misli Premyer Liqasının XIV turundan təxirə salınmış oyun baş tutacaq.
Oxu.Az xəbər verir ki, "Qəbələ" öz meydanında "Turan Tovuz"u qəbul edəcək.
Xatırladaq ki, ötən il dekabrın 8-də oynanılan "Qəbələ" - "Turan Tovuz" matçı qatı duman səbəbindən 24-cü dəqiqədə yarımçıq dayandırılmışdı. Peşəkar Futbol Liqasının qərarına əsasən, qarşılaşma yeni oyun kimi keçiriləcək.
Qeyd edək ki, hazırda Tovuz klubu 37 xalla üçüncü, Qəbələ təmsilçisi isə 15 xalla onuncu pillədə qərarlaşıb.
24 fevral
15:00. "Qəbələ" - "Turan Tovuz"
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Əkbər Əhmədov
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: İlham Əliyev
Qəbələ şəhər stadionu.