Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Dünya şahmat ictimaiyyəti Teymur Rəcəbova dəstək olmaqda davam edir - FOTO
Şahmat ictimaiyyəti Teymur Rəcəbova dəstək verməkdə davam edir.
Oxu.Az xəbər verir ki, Rusiya şahmatçısı Sergey Karyakindən sonra ona hindistanlı şahmatçı Pentala Harikrişna da dəstək olub:
“Ümid edirəm ki, FIDE heç olmasa indi məsuliyyətini başa düşəcək və bütün şahmat ictimaiyyətindən Yekaterinburqdakı İddiaçılar Turniri kimi Praqadakı komandalar arasında dünya çempionatını da təxirə salmadığı üçün üzr istəyəcək. İddiaçılar Turnirinin təxirə salınması Teymur Rəcəbova qarşı haqsızlıq olmadımı?”
Şərhlərdə isə deyilir ki, Teymur növbəti İddiaçılar Turnirinə dəvət olunmalıdır və yarış səkkiz yox, doqquz şahmatçı ilə davam etdirilməlidir.
Azərbaycanlı şahmatçılar da Teymur Rəcəbova dəstək olublar. Şəhriyar Məmmədyarov paylaşımında FIDE-nin onu növbəti İddiaçılar Turnirinə birbaşa dəvət edəcəyinə ümid etdiyini bildirib.
Digər şahmatçımız Rauf Məmmədov da Teymur Rəcəbova qarşı haqsızlıq edildiyini paylaşımı ilə bildirib. Şərhdə Rəcəbovun yarışda fransalı Maksim Vaşye-Laqravla əvəzlənməli olduğu qeyd edilib.
Norveçli dünya çempionu Maqnus Karlsen isə əks cəbhədən çıxış edib:
“Razılaşıram ki, yarışın təxirə salınmasını istəmək ağlabatan tələb idi. Ancaq artıq heç kim bunun qarışıqlıq olduğunu iddia edə bilməz. Bununla belə, oynamağa can atmaq? Bağışlayın, sadəcə, bunu anlamaq mümkün deyil”.
Teymur Rəcəbov isə Karlsenin “Twitter”dəki açıqlamasına belə cavab verib:
“Maqnus, mən yalnız turniri təxirə salmağı xahiş etmişdim, onun ləğv olunmasını, dövrə və ya formatını dəyişdirməyi xahiş etməmişdim. Düşünürəm ki, FIDE üçün bunu vaxtında etmək düzgün idi. Bu belədir. Yarı yolda dayanmaq istəmirdim. Oynamaq istəyirdim. İndi isə qarışıqlıq var... Problem yoxdur. Biz məhkəmədə deyilik və təəssüf ki, vəkillərim karantindədir”.
Daha sonra o, Maqnus Karlsenin 2011-ci ildə FIDE-nin o zamankı prezidenti Kirsan İlyumjinova 2011-ci ildə Kazanda keçirilmiş İddiaçıların Matçlarında iştirakdan imtinasını bildirən məktubu xatırladıb və onun da başına belə bir hadisənin gəldiyini qeyd edib.
Səbuhi Musayev
Rəylər