Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Efiopiyalı idmançı Azərbaycan adından Olimpiadaya vəsiqə qazanıb?
Tokio Yay Olimpiya Oyunları yaxınlaşdıqca həmin dörd ildən bir keçirilən mötəbər yarışa lisenziya qazananların sayı açıqlanır.
Oxu.Az xəbər verir ki, atletikanın marafon yarışlarında əslən Efiopiyadan olan Mareqe Hayelom (bəzi mənbələrdə Maerequ Hayelom) adlı idmançının lisenziya qazandığı bəlli olub.
Məlumat üçün bildirək ki, hazırda 23 yaşı olan Hayelom 2014-cü ildə ABŞ-ın Yucin şəhərində keçirilmiş gənclərin dünya çempionatında Azərbaycanı 1500 metr məsafəyə qaçışda təmsil edib və 15-ci olmaqla final mərhələsinə vəsiqə qazana bilməyib.
Lakin Azərbaycan Atletika Federasiyasının mətbuat xidmətinin rəhbəri İradə Mehdiyeva saytımıza açıqlamasında yanlışlıq olduğunu bildirib:
“Bizdə yalnız atletikanın çəkicatma növündə ukraynalı legionerimiz Anna Skidan Olimpiadaya vəsiqə qazanıb. Mareqe Hayelom isə Azərbaycanı təmsil etmir. O, sonuncu dəfə Azərbaycan adından 2014-cü ilin iyunun 22-də Gürcüstanın paytaxtı Tbilisidə beş min metrə qaçışda Azərbaycanı təmsil edib. Bundan sonra nəticəsi zəif olduğu üçün efiopiyalı ilə əməkdaşlığa son qoyulub”.
Maraqlıdır ki, bu ilin yanvarın 19-da Hindistanın Mumbai şəhərində keçirilmiş marafon yarışında efiopiyalı idmançı çıxış edərək, 2:31:26 nəticə göstərib və beşinci yeri tutub.
Ümumdünya Atletikasının saytında da səhvən onun Azərbaycan adından yarışdığı göstərilib.
Hətta Avstriya mətbuatında bu yarışla bağlı gedən xəbərdə Mareqe Hayelomun bu nəticəsinin Azərbaycan rekordu olduğu göstərilib.
Qeyd edək ki, indiyədək 11 idmançımız Olimpiadaya vəsiqəni rəsmiləşdirib. Bunlar Marina Nekrasova, İvan Tixonov (hər ikisi idman gimnastikası), Zöhrə Ağamirova (bədii gimnastika), bədii gimnastika üzrə qrup hərəkətləri üzrə komandamız, Anna Skidan (atletikanın çəkicatma növü), Maksim Şemberev (üzgüçülük), Ruslan Lunyov (güllə atıcılığı), Mariya Stadnik, Şərif Şərifov (hər ikisi güləş) və Milad Beiqi (taekvondo) Olimpiadada iştirakını rəsmiləşdirib.
Səbuhi Musayev
Rəylər